Xəbərlər
Prezident İlham Əliyev görkəmli opera müğənniləri Fidan və Xuraman Qasımovaları qəbul edib
İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli opera müğənniləri, Xalq artistləri Fidan və Xuraman Qasımovaları qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə Fidan Qasımovanı “İstiqlal” ordeni ilə təltif edib.
Görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:
- Hörmətli Fidan xanım.
Sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram.
Siz uzun illər öz sənətinizlə Azərbaycan xalqını sevindirmisiniz. Azərbaycan xalqı sizin fəaliyyətinizə yüksək qiymət verir, sizi sevir. Siz xalqımızı müxtəlif ölkələrin səhnələrində ləyaqətlə təmsil etmisiniz və bu gün də təmsil edirsiniz.
Sizin fəaliyyətiniz həm sovet dövründə, həm də müstəqillik dövründə yüksək qiymətləndirilmişdir. Siz hələ sovet dövründə Azərbaycan Respublikasının Xalq Artisti, SSRİ Xalq Artisti adlarına layiq görülmüsünüz. Bu, sizin istedadınıza verilən yüksək qiymət idi.
Siz yaxşı bilirsiniz ki, ulu öndər Heydər Əliyev sizə və Xuraman xanıma həmişə böyük diqqət və qayğı ilə yanaşırdı, sizi çox sevirdi, sizin fəaliyyətinizlə maraqlanırdı. Mən də öz növbəmdə çalışıram ki, sizə lazımi qayğı və diqqəti göstərim. Azərbaycan dövləti, müstəqil Azərbaycan sizin fəaliyyətinizi çox yüksək qiymətləndirib. 1997-ci ildə Ulu Öndərin Sərəncamı ilə siz “Şöhrət” ordeni ilə təltif olunmusunuz. 2010-cu ildə isə mənim Sərəncamımla “Şərəf” ordeni ilə təltif edilmisiniz. Siz bir çox beynəlxalq mükafatlara da layiq görülmüsünüz. Bu gün mənim Sərəncamımla Siz Azərbaycan dövlətinin ən yüksək ordenlərindən biri olan “İstiqlal” ordeni ilə təltif olunursunuz. Bu, yüksək mükafatdır, siz buna layiqsiniz. Sizə yeni uğurlar arzulayıram.
X X X
Dövlətimizin başçısı “İstiqlal” ordenini Fidan Qasımovaya təqdim etdi.
X X X
Prezident İlham Əliyevə minnətdarlığını bildirən Xalq Artisti Fidan QASIMOVA dedi:
- Çox sağ olun, cənab Prezident, Sizə minnətdaram.
Cənab Prezident, heç vaxt yadımdan çıxmır, birinci ordenlə məni Sizin atanız, Ulu Öndərimiz, unudulmaz Heydər Əliyev təltif etmişdi. Bu gün isə mənim sənətimi Siz yüksək qiymətləndirirsiniz. Məni belə yüksək mükafata layiq gördüyünüz üçün Sizə böyük minnətdarlığımı bildirmək istəyirəm. Sizin bütün ailənizə təşəkkürümü bildirmək istəyirəm. Bizim Birinci vitse-prezidentimiz Mehriban xanıma minnətdarlığımı bildirirəm. O da bizə qarşı həmişə çox diqqətli olub.
Biz Xuraman xanımla xaricdən - Florensiyadan təzə gəlmişik. Orada italiyalı tələbələrə ustad dərsləri keçirdik. Onlar bizim ölkəmizlə bağlı çox şey eşidiblər və Azərbaycanı yaxşı tanıyırlar. Azərbaycanı Avropada, bütün dünyada tanıyırlar. Bu, Sizin sayənizdə olub.
Biz də öz sadə sənətimizlə Azərbaycanı tanıtdırırıq. Amma Siz bu istiqamətdə daha böyük işlər görürsünüz. Buna görə mən Sizə bir daha minnətdaram. Xuraman da mənim sözlərimə qatıla bilər. Çünki o, şahid idi ki, İtaliyada rektor və prorektor Azərbaycan haqqında necə xoş sözlər söyləyirdilər. Bir-iki ay bundan əvvəl vokal müəllimi Leonardo Belisi Azərbaycana gəlmişdi. O, bizim Bakı şəhərini gördü, onun gözəlliyinə valeh oldu. O, Sizin haqqınızda burada eşitdiklərini İtaliyada, Florensiyada bizə həvəslə danışırdı. Bu, bizi çox sevindirirdi. Bu uğurlara görə Sizə bir daha səmimi qəlbdən minnətdarlığımı bildirirəm.
X X X
Sonda xatirə şəkli çəkdirildi.