Xəbərlər
Enerji təhlükəsizliyi: milli maraqlardan qlobal tərəfdaşlığa
Asif Əsgərov
Milli Məclisin deputatı
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) rəsmi açılış mərasimi enerji siyasətində strateji əhəmiyyət daşıyan hadisədir. 240 meqavat gücə malik bu stansiyanın istismara verilməsi elektrik enerjisinin istehsalında balanslı yanaşmanın təmin olunmasına xidmət edir. Açılış mərasimində dövlətimizin başçısının səsləndirdiyi fikirlər layihənin uzunmüddətli baxışa əsaslanan ardıcıl siyasətin praktik nəticəsi olduğunu nümayiş etdirir.
Stansiyanın təməli 2022-ci ilin yanvar ayında qoyulmuş, ötən dövr ərzində genişmiqyaslı tikinti və quraşdırma işləri həyata keçirilmişdir. Layihənin qısa müddətdə uğurla tamamlanması energetika sahəsində formalaşmış institusional təcrübənin və məqsədyönlü planlaşdırmanın göstəricisi kimi dəyərləndirilir. Açılış mərasimində tikintidə əməyi keçmiş bütün mütəxəssislərə və şirkətlərə, xüsusilə investor qismində iştirak edən “ACWA Power” şirkətinə təşəkkür ifadə olunmuşdur. Bu stansiya şirkətin burada reallaşdırdığı ilk bərpaolunan enerji layihəsi olsa da, qarşıdakı dövr üçün nəzərdə tutulan planlar əməkdaşlığın strateji və uzunmüddətli xarakter daşıdığını təsdiqləyir. Eyni zamanda, “ACWA Power”ın Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihələrində də investor kimi iştirakı nəzərdə tutulmuşdur.
Layihənin icrasında baş podratçı funksiyasını yerinə yetirən “Power China” şirkətinin fəaliyyəti dövlətimizin başçısının çıxışında qeyd edilmişdir. Qlobal miqyasda zəngin təcrübəyə malik bu şirkətin gələcək mərhələlərdə yalnız podratçı deyil, eyni zamanda investor qismində də çıxış etməsi nəzərdə tutulur. Bu yanaşma energetika sahəsində beynəlxalq əməkdaşlığın yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir.
Son illərdə yeni generasiya güclərinin istismara verilməsi yüksək texniki hazırlıq və ciddi məsuliyyət tələb edən proses kimi dəyərləndirilir. Bu baxımdan yerli energetiklərin rolu xüsusi vurğulanır. Bərpaolunan enerji mənbələrinin böyük həcmdə ümumi enerji sisteminə inteqrasiyası peşəkarlıqla yanaşı, güclü texniki baza və maliyyə imkanları tələb edir. Qarşıdakı dövrdə bu sahədə layihələrin miqyasının artacağı nəzərə alınaraq, kadr potensialının və texniki imkanların yüksək səviyyədə saxlanılması əsas prioritet kimi müəyyən edilir. Bununla yanaşı, yerli şirkətlərin Günəş və külək enerjisi layihələrinə marağının artması müsbət tendensiya kimi xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyevin rəsmi açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bu gün bəlkə də enerji təhlükəsizliyi məsələləri daha qabarıq şəkildə ortaya çıxır: “Biz uzun illərdir bu istiqamətdə fəaliyyət göstəririk. Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr üçün, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir, dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanmışdır”.
Enerji sisteminin modernləşdirilməsi son illərin əsas istiqamətlərindən biri olmuşdur. Generasiya gücləri, yarımstansiyalar və ötürücü xətlər mərhələli şəkildə yenilənmişdir. Son iyirmi il ərzində generasiya güclərinin həcmi əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artaraq 10 min meqavat səviyyəsinə çatmışdır. Bu göstərici enerji təminatı baxımından mühüm tarixi nəticə hesab olunur. Qarşıdakı illərdə yeni bərpaolunan mənbələrin sistemə inteqrasiyası bu potensialın daha da genişlənəcəyini göstərir.
Mingəçevirdə istismara verilmiş güclü ənənəvi elektrik stansiyası, Qaradağ Günəş Elektrik Stansiyası, Cəbrayıl rayonunda inşa olunan obyektlər və “Xızı-Abşeron” Külək Elektrik Stansiyası optimal yanaşmanın praktik nəticələri kimi çıxış edir. Hazırda müxtəlif bölgələrdə bərpaolunan enerji layihələri icra olunur. Biləsuvar, Neftçala, Naxçıvan və azad edilmiş ərazilərdə planlaşdırılan stansiyalar mövcud təbii potensialdan səmərəli istifadə olunduğunu göstərir. Xəzər dənizinin Azərbaycan sektorunda külək ehtiyatlarının beynəlxalq qiymətləndirmələrə görə 157 giqavat səviyyəsində olması bu istiqamətdə uzunmüddətli və strateji potensialın mövcudluğunu təsdiqləyir. Bu göstərici regionun etibarlı elektrik generasiya mərkəzi kimi mövqeyini gücləndirən əsas amillərdən biri kimi dəyərləndirilir.
Energetika sahəsində əlverişli investisiya mühiti formalaşdırılmışdır. İndiyədək 300 milyard dollardan artıq xarici sərmayənin cəlb edilməsi maliyyə sabitliyinin və ardıcıl islahatların nəticəsidir. Kredit reytinqlərinin yüksəldilməsi, xarici borcun aşağı səviyyədə saxlanılması və valyuta ehtiyatlarının həcmi iqtisadi dayanıqlığın əsas göstəriciləridir və sərmayə qoyuluşu üçün etibarlı zəmin formalaşdırır.
Bərpaolunan enerji mənbələrinin payının artması enerji saxlanması infrastrukturunun qurulmasını aktuallaşdırır. Bu məqsədlə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sisteminin yaradılmasına başlanılmışdır. İlkin mərhələdə 250 meqavatlıq layihənin icrası nəzərdə tutulur. Gələcək mərhələlərdə generasiya güclərinin artımı bu cür sistemlərin genişləndirilməsini zəruri edəcəkdir.
İmzalanmış müqavilələrə əsasən, 2030-cu ilə qədər və sonrakı dövrdə külək və Günəş elektrik stansiyalarının ümumi gücünün bir neçə giqavat səviyyəsinə çatdırılması planlaşdırılır. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına inşa edilmiş çoxsaylı kiçik su elektrik stansiyaları enerji sisteminin dayanıqlığını artırır. Hidroenerji potensialının mərhələli şəkildə reallaşdırılması vahid enerji şəbəkəsi çərçivəsində səmərəli idarəetməni təmin edir.
Ümumilikdə, “Xızı-Abşeron” KES-in istismara verilməsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi dayanıqlığın gücləndirilməsi və bərpaolunan enerji strategiyasının ardıcıl icrası baxımından mühüm əhəmiyyət kəsb edir. Bu layihə görülmüş işlərin məntiqi yekunu olmaqla yanaşı, qarşıdakı illər üçün müəyyən edilmiş strateji yol xəritəsinin aydın ifadəsi kimi çıxış edir.
