YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Xalq YAP-a və onun rəhbəri Prezident İlham Əliyevə qəlbən inanır

«Ulu öndərin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Öz sıralarında əhalinin ən müxtəlif təbəqələrinin nümayəndələrini birləşdirən bu siyasi qurum öz fəaliyyəti ilə azərbaycanlıların dərin rəğbətini qazanmışdır. Bir qədər keçmişə nəzər saldıqda görürük ki, YAP hakimiyyətə ilk dəfə gəldiyi dövrdə ölkə hansı vəziyyətdə idi, indi hansı vəziyyətdədir. Partiyanın iqtidarda olduğu dövrdə Azərbaycanın əldə etdiyi uğurlar ölkə hüdudlarından kənarda da, hətta bizi istəməyən dairələr tərəfindən də etiraf olunur». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin sədri, YAP Siyasi Şurasının üzvü, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu partiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında yeni hədəflərə doğru inamla addımlayır. Onun sözlərinə görə, müasir Azərbaycan artıq dünya birliyində özünü təsdiqləməklə yanaşı, bütöv bir bölgənin iqtisadi tərəqqisinə təkan verə biləcək bir gücdədir.

«Biz bütün bunlara partiyamızın lideri və dövlətimizin başçısı Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində nail olmuşuq. Məhz İlham Əliyevin prezidentliyi dövründə inkişafın Azərbaycan modeli dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən də təqdir olunmuşdur. Ölkədə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu sürətlə davam etdirilir. Siyasi sistemin inkişaf etdirilməsi, hərtərəfli islahatların həyata keçirilməsi üçün vacib olan qanunlar qəbul olunmuş,  mövcud qanunlar daha da təkmilləşdirilmişdir.  Bütün bunlar parlament tərəfindən Prezidentin yürütdüyü siyasətə dəstəyin ifadəsidir. Partiyanın Siyasi Şurasının üzvü kimi deyə bilərəm ki, partiyanın Sədri tərəfindən ölkə qarşısında qoyulan hədəflər dəqiq müəyyənləşdirilmişdir. Partiya nə istədiyini və qarşıya qoyulan məqsədlərə necə nail olmağın yollarını yaxşı bilir. İnanıram ki, qarşıdakı seçkidə Yeni Azərbaycan Partiyasının nümayəndələri növbəti dəfə böyük uğur qazanaraq, parlamentdə yerlərin əksəriyyətini əldə edəcəklər. Çünki xalq YAP-a və onun rəhbəri Prezident İlham Əliyevə qəlbən inanır. Onun başçılığı ilə görülən işlərin doğma Azərbaycanımızı hansı səviyyəyə yüksəltdiyini görüb yəqin etmişdir»- deyə, O.Əsədov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv