Xəbərlər
YAP Şirvan şəhər təşkilatının 31 illiyinə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının 31 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini və Şirvan şəhər Şəhidlər xiyabanı ziyarət ediblər.
YAP Şirvan şəhər təşkilatının inzibati binasındakı Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi sükutla yad edilib.
Sonra YAP Şirvan şəhər təşkilatının 31 illik fəaliyyəti haqqında videoçarx nümayiş olunub.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, 2 saylı tam orta məktəbin direktoru Əminə Əliyeva, şəhid anası Şəlalə Zülfüqarova, partiya veteranı Adəm Hüseynov, qazi Həbib Sərhəngov və gənc partiya üzvü Ülvü Ağaməmmədov çıxışlarında bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı olduğunu sübuta yetirib.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi, sosial, həmçinin ictimai-siyasi həyatında həlledici rol oynayır və Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimiz gündən-günə daha da güclənir, inkişaf edir.
Zahir Qəhrəmanov onu da vurğulayıb ki, bu gün sıralarında 6 minə yaxın üzvü birləşdirən YAP Şirvan şəhər təşkilatı Ulu Öndər Heydər Əliyevin siyasətinin, ideyalarının təbliğatçısı olmaqla bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə səy göstərir.
Çıxışlardan sonra partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya üzvlük vəsiqələri təqdim edilib, yüksək siyasi fəallığı ilə seçilən partiya üzvləri fəxri fərmanlarla təltif olunublar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.