YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəşadətli Ordumuz şərəfli missiyasını uğurla davam etdirir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr 2020-ci il tarixindən 3 il ötür. 44 gündə Azərbaycan mənfur düşmənə layiq olduğu yeri göstərdi. Bir daha sübut olundu ki, ədalət və beynəlxalq hüquq məfhumları mövcuddur, bütün məsələlər məhz bu prinsiplər əsasında həll olunur. Baxmayaraq ki, ermənilər 30 ilə yaxın işğal dövründə himayədarlarının dəstəyi əsasında bu məfhumların mövcudluğundan xəbərsiz idilər. Qonşu dövlətlərə ərazi iddiaları ilə çıxış edən Ermənistan vəziyyətin sona qədər bu şəkildə davam edəcəyini düşündüyü halda ədalət, haqq öz sözünü dedi. Başqasının torpaqlarına göz dikən, saxta tarix yazaraq əsassız təbliğatları ilə özünü haqlı tərəf kimi göstərməyə çalışan təcavüzkar dövlət bu yanaşmasına beynəlxalq dəstəyin nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına səbəb oldu.

44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.

Azərbaycan xalqı bu Zəfərin fonunda yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi.  Şanlı Qələbəmiz Azərbaycanın gələcəyi üçün möhkəm bünövrə olmaqla yanaşı, regionda dayanıqlı sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması üçün mühüm amildir.

Azərbaycanın bu günlərdə apardığı bir günlük lokal antiterror tədbirləri bir sıra məqamlara işıq saldı.  Belə ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Məhz elə bu səbəbdən də lokal xarakterli antiterror tədbirlərin görülməsi qaçılmaz oldu. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu.  Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbənin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi.

44 gündə 30 ilin işğalına son qoyan  rəşadətli  Ordumuz  bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycanın suverenliyini tam təmin etdi. Bu, Ordumuzun malik olduğu imkanların təqdimatıdır.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Dövlət başçısı İlham Əliyev postmünaqişə dövrünün əsas hədəfləri sırasında Ordumuzun gücləndirilməsini xüsusi qeyd edir.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ermənistan üzərində Zəfərinə Füzuli şəhərinin azad olunması ilə başlayan, Şuşa istiqamətində uğurlu əməliyyatlar keçirərək düşmənə daha ağır zərbələr vuran Ordumuzun işğaldan azad etdiyi ərazilər   yeni mərhələni yaşayırlar. Azərbaycan təkmil dirçəliş modeli ilə dünyanın diqqətindədir.

DİGƏR Xəbərlər Arxiv