YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın yeni mərhələsi

Əli Hüseynli

Milli Məclisin deputatı

Son illər Azərbaycanla İsrail dövləti arasında qarşılıqlı münasibətlər intensiv şəkildə inkişaf etməkdədir. İsrail Azərbaycanın 1991-ci ildə bərpa etdiyi dövlət müstəqilliyini ilk olaraq tanıyan ölkələrdən biridir. İki ölkənin diplomatik münasibətləri 1992-ci ilin aprelində qurulub, Bakıda onun səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanın bu dost ölkəyə münasibəti hər zaman loyal olsa da, Yaxın Şərqdə baş verən məlum geosiyasi problemlər səbəbindən son zamanlaradək İsraildə rəsmi Bakının diplomatik nümayəndəliyinin təsis edilməsi müəyyən maneələrlə üzləşirdi. Lakin rəsmi Yerusəlimin Ermənistan tərəfindən ərazilərimizin işğalı nəticəsində yaranmış Qarabağ probleminə münasibətdə hər zaman Azərbaycanın yanında olduğunu nümayiş etdirməsi, beynəlxalq təşkilatlarda haqq səsimizi dəstəkləməsi və nəhayət, 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanla çətin günün dostu olduğunu sübut etməsi,  eləcə də qardaş Türkiyə ilə münasibətlərin müsbət məcraya yön alması sonda beynəlxalq dəyərlər sistemi kontekstində, həm də milli maraqlar baxımından Azərbaycan-İsrail qarşılıqlı münasibətlərinə yeni baxışın zərurətini ortaya qoydu. Beləliklə, bu ilin aprel ayında ölkəmizin İsraildə səfirliyinin açılması ilə bu münasibətlər daha sürətli inkişaf yoluna qədəm qoymuşdur.

30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri və bu çərçivədə bir sıra görüşlərin keçirilməsi, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” Planının imzalanması, kibertəhlükəsizlik, turizm, irriqasiya və kənd təsərrüfatı, ticarət dövriyyəsinin şaxələndirilməsi və bir çox digər istiqamətlərdə qarşılıqlı fayda əsaslanan əməkdaşlığın perspektivləri ətrafında məhsuldar müzakirələr bu münasibətlərin inkişafına mühüm töhfədir.

Dövlətimizin başçısı cənab İlham Əliyev Prezident İsxak Hersoqla görüşlərdən sonra onun ölkəmizə ilk səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bu tarixi hadisənin Azərbaycanla İsrail Dövlətinin sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirdiyini bildirmiş və bu istiqamətdə yeni hədəfləri göstərmişdir: “Həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq... İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur”.

Azərbaycan Prezidenti həm də İsrailin müsbət təcrübəsindən bəhrələnməklə ixrac bazarını şaxələndirmək niyyətini ifadə etmişdir. Kibertəhlükəsizlik sahəsində yeni əməkdaşlıq  formatının yaradılması ölkələrimizin milli təhlükəsizliyinin mühüm hissəsinə çevriləcəkdir. Azərbaycanın İsraillə müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur ki, bu da bizə müdafiə qabiliyyətimizi gücləndirmək üçün vacib amildir və dövlətçiliyimizi, ərazi bütövlüyümüzü müdafiə etməyə kömək edir.

Cənab İlham Əliyev bildirib ki, bizim qarşılıqlı dəstəyə söykənən dostluğumuzun əsrlər boyu davam edən tarixi var: “Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir”. Həqiqətən də, yəhudi icması Azərbaycan cəmiyyətində böyük nüfuza malikdir, onun üzvləri tamhüquqlu Azərbaycan vətəndaşları kimi hər iki Qarabağ müharibəsində hamı ilə çiyin-çiyinə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda vuruşmuşlar, bu gün də respublikanın inkişafına töhfələr verməkdə davam edirlər. Ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayan İsraildəki Azərbaycan diasporunun üzvlərinin əksəriyyətinin yəhudi mənşəli olması diaspor hərəkatının tarixində unikal nümunədir. Respublikamızın müxtəlif bölgələrində 10-dək sinaqoq tam təhlükəsizlik şəraitində aktiv fəaliyyət göstərir ki, bu da dünyaya nümunə olan Azərbaycan tolerantlığının təcəssümüdür.

Bu gün Milli Məclisdə yəhudi icmasının nümayəndəsi təmsil olunur, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Prezident İshaq Hersoqun ölkəmizə rəsmi səfəri çərçivəsində Milli Məclis rəhbərliyinin, dövlət və hökumət nümayəndələrinin, din xadimlərinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarının və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində İsrailin dövlət müstəqilliyinin 75-ci ildönümü münasibətilə rəsmi qəbulun təşkil olunması da onu göstərir ki, ölkələrimiz qarşılıqlı olaraq bütün sahələrin, o cümlədən, parlament ölçüsünün inkişafına yüksək dəyər verirlər.