YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Diplomatiya dərsi...

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri     

Dövlət başçısı İlham Əliyevin bu günlərdə Moskvaya işgüzar səfəri bir sıra mühüm məqamlarla yadda qaldı. Cənab İlham Əliyevin qonaq qismində Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirakı və çıxışı, Rusiya Prezidenti Putinin təşəbbüsü ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü və sair kimi məqamlar diqqətlə izlənildi. Azərbaycan Avrasiya İqtisadi Birliyinin  üzvü  olmasa da, Ermənistan istisna olmaqla, quruma üzv dövlətlərin hər biri ilə ikitərəfli əlaqələri yüksələn xətlə inkişaf edir. Dövlət başçısı bu əlaqələri “Mən Avrasiya İqtisadi Birliyinin sammitində ilk dəfədir iştirak edirəm. Halbuki, biz Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin başçıları ilə həm Müstəqil Dövlətlər Birliyinin sammitləri çərçivəsində, həm də ikitərəfli formatda müntəzəm görüşürük. Buna görə də, baxmayaraq mən ilk dəfədir qonaq qismində iştirak edirəm, lakin yəqin ki, burada qonaq deyiləm. Bu gün bizim ünsiyyət qurmaq imkanımız oldu, ünsiyyətimiz davam edəcək” fikirləri ilə ifadə etdi.

Azərbaycan dayanıqlı iqtisadiyyata malik, özünü təmin edən ölkədir. Ölkəmizin iqtisadi strategiyasını dünyanın qabaqçıl ölkələrinin təcrübəsinə əsasən formalaşdırması davamlı inkişafını şərtləndirən əsas amildir. Bu gün qürurla qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayırıq. Neft gəlirlərinin istifadəsində şəffaflığın təmin edilməsi  mühüm sosial-iqtisadi layihələrin icrasına geniş yol açır ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını sürətləndirir. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatında mühüm rol oynayır.

Dövlət başçısı İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Azərbaycanın iqtisadi uğurlarından, tranzit ölkəyə çevrilməsindən bəhs edərkən tarixi sahibinə qovuşan torpaqlarımızda həyata keçirilən infrastruktur layihələrinə də diqqəti yönəltdi. Azərbaycanda 8 beynəlxalq aeroportun fəaliyyət göstərdiyini bildirən cənab İlham Əliyev onu da əlavə etdi ki, onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir.

Dövlət başçısı İlham Əliyev iqtisadi uğurlarımızın fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu da xüsusi qeyd etdi. Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır.

Moskva səfərində ən maraqlı məqamlardan biri ölkə Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın absurd ittiham və iddialarına tutarlı arqumentlərlə cavab verməsi oldu. Cənab İlham Əliyev Ermənistanın baş nazirinə növbəti dəfə diplomatiya dərsi keçdi.  Paşinyan yenə də özünü gülüş obyektinə çevirdi.

Reallıq budur ki, Azərbaycan sülhə hazırdır. Bunun üçün zəruri olan bütün addımları atır. Ermənistan isə sözdə sülhə hazır olsa da, reallıqda vacib addımları atmağa tələsmir. Bu isə sülh müqaviləsinin imzalanması prosesini uzadır.