YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir

“Dövlət başçısı İlham Əliyev Müstəqillik Gününü Laçın şəhərinə qayıdan əhali ilə qeyd etdi və bildirdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda,  istənilən nəticəni əldə etməyə qadirdir.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. Azərbaycan tarixi Zəfərindən dərhal sonra bu torpaqlarda  bərpa işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atmışdır. Bu baxımdan ki, müharibədən sonra tez bir zamanda quruculuq işlərinə start verilməsi mümkünsüzdür. Azərbaycan bu ilkə imza atdı və qısa müddətdə ölçüyə gəlməsi mümkün olmayan işlər görüb. Bu müddətdə iki Beynəlxalq Hava Limanının  işğaldan azad edilmiş Füzuli və Zəngilan rayonlarında  tikilib istifadəyə verilməsi, üçüncü aeroportun Laçında tikintisinin davamı və 2025-ci ildə  başa çatdırılmasının nəzərdə tutulması  deyilənlərə bariz nümunədir.  Cənab İlham Əliyevin laçınlılarla görüşündə qeyd etdiyi kimi, bu gün  Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub.  İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır. Ümumilikdə  ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək. Bu ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək.  Zabux və Sus kəndləri  Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilmişdir.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin mayın 27-də Kəlbəcər və Laçın rayonlarına reallaşdırdığı səfərlər mühüm məqamlarla yadda qaldı: “Ağalı, Talış kəndlərinin ardınca Laçın şəhəri sakinlərini qarşıladı. Dövlət başçısının hər bir səfəri Böyük Qayıdışın daha da sürətləndirilməsinə xidmət edən mühüm addımlarla zəngindir. Yeni obyektlərin istifadəyə verilməsi, yaxud təməlqoyma mərasimlərinin keçirilməsi, bu və ya digər obyektlərdə görülən işlərlə tanışlıq və sair  kimi  işlərin  hər birinin   cənab İlhsm Əliyevin nəzarətində olması  hədəfə daha tez çatmağa stimul verir. Belə ki, laçınlıların  bu ilin sonunda Laçına qayıdacaqları bildirilmişdir. Amma göründüyü kimi, işlər vaxtından əvvəl görüldü. Dövlət başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşündə  2011-ci il dekabrın 24-də ad günündə laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşünü xatırladaraq bildirdi ki, həmin görüşdə gün gələcək Laçında daha gözəl evlər tikəcəyimizi bildirmişdim  və o  gün gəldi. O tarixdən cəmi 11 il sonra   artıq Laçın şəhərində görüşürük. Bundan böyük xoşbəxtlik ola bilməz.  İkinci Qarabağ müharibəsi  əbədi qürur mənbəyimizdir. Bu Zəfər  əbədi olacaq və gənc nəsil, uşaqlar bu Zəfər qüruru ilə yaşayacaqlar.”

Millət vəkili vurğulayıb ki, laçınlıların Laçın şəhərinə məhz may ayında qayıdışının təmin edilməsinin digər rəmzi mənası rayonun  may ayında işğal edilməsidir: “1992-ci ilin mayında rayon işğal altına düşdü, 31 il sonra laçınlılar Laçına qayıtdı. Artıq 3 ildir ki, torpaqlarımızın işğal tarixlərini işğaldan azad edildikləri günlər əvəzləyib. Azərbaycan tarixi Zəfəri ilə bir daha torpağına sahib çıxan, bir qarış torpağını belə düşmənə verməyəcəyini sübut edən xalq olduğunu təsdiqlədi.” 

“Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Ölkəmiz bunun reallığa çevrilməsi üçün üzərinə düşən bütün öhdəlikləri  yerinə yetirir və bunu qarşı tərəfdən də tələb edir. Sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar, keçirilən görüşlər Azərbaycanın diplomatik uğurlarının davamlılığının təsdiqidir. Ermənistanın  Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi  artıq sülh müqaviləsinin imzalanması prosesinin yaxınlaşmasına işarədir. Dövlət başçısı İlham Əliyev Laçın əhalisi ilə görüşündə bu məqama da xüsusi diqqət yönəldərək bildirdi ki, indi artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb: “Əminəm ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər”,-deyə Əliabbas Salahzadə vurğulayıb.

Millət vəkili bildirib ki, sülh müqaviləsinin imzalanması Ermənistan üçün son şansdır. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, sülh müqaviləsi imzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf,  danışıqlar masasında, sərhəddə güclü mövqelərə sahib olan Azərbaycandır. Sülh müqaviləsi imzalanmasa da, rahat və təhlükəsizlik şəraitində yaşayacağıq.