YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkmənistan, Azərbaycan və Türkiyənin nəqliyyat sahəsi üzrə məsul nazirləri görüşüb

Türkmənistan, Azərbaycan və Türkiyənin nəqliyyat sahəsi üzrə məsul nazirlərinin görüşü keçirilib.

Rəqəmsal İnkişaf Və Nəqliyyat Nazirliyindən bildirilib ki, nazir Rəşad Nəbiyev görüşdə iştirak edib.

Nazir görüşdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycan bir sıra iri regional nəqliyyat və kommunikasiya layihələrinin təşəbbüskarı olub: “Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası – bütün bu layihələr daha geniş regional əməkdaşlığa hesablanıb və geostrateji coğrafi mövqeyi olan ölkəmizi beynəlxalq nəqliyyat qovşağına çevirir”.

Qeyd olunub ki, alternativ marşrutlara nisbətən qısa olan Orta Dəhliz rəqabətqabiliyyətlilik baxımından daha əlverişlidir. Orta Dəhlizin tranzit potensialının genişləndirilməsinə əhəmiyyətli təsir göstərə biləcək və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq digər bir amil Zəngəzur dəhlizinin ən qısa müddətdə açılmasıdır.

Vurğulanıb ki, Zəngəzur dəhlizi ən qısa və təhlükəsiz tranzit keçidi olmaqla Çin və Mərkəzi Asiya ölkələrinin Avropa istiqamətində nəqliyyat əlaqələrinin diversifikasiyasını təmin etmiş olacaq, həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” tranzit marşrutları üzrə yükkeçirmə qabiliyyətini artırmaq imkanı yaradacaq.

Çıxışın sonunda səsləndirilib ki, regionun nəqliyyat potensialından maksimum istifadə etmək bizim ümumi məqsədimizdir. Nəqliyyat sistemlərimizin bir-birini tamamlaması ölkələrimizin davamlı iqtisadi artımına töhfə verəcək.