YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda Silahlı Qüvvələr Günü qeyd olunub

Abşeron rayonunda 26 İyun - Silahlı Qüvvələr Günü qeyd olunub. Rayon ərazisində yerləşən N saylı hərbi hissədə keçirilən tədbirdə korpus komandiri, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Daha sonra hərbi hissənin həyətində Türk-Azərbaycan şəhidlərinin adına salınmış Şəhidlər bağı ziyarət olunub, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən igidlərimizin ruhuna dualar oxunub.

Hərbi Hissənin akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Korpus komandiri, general-mayor Kənan Seyidov çıxış edərək ölkəmizdə həyata keçirilən ordu quruculuğundan, Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında əldə edilən Qələbədən danışıb. Bildirilib ki, ölkəmizdə ilk nizami hərbi hissə 1918-ci il iyunun 26-da yaradılıb. Lakin Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu quruculuğu prosesi dayanıb. Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, Azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.

Sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, güclü Azərbaycan Ordusu, məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmirlərini yerinə yetirərək Azərbaycanımızın şanlı tarixini yazdı. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir.

Daha sonra şəhid Şamil Nəcəfovun anası Gülşən Qazarxanova, şəhid Vüsal Musayevin anası Vüsalə Musayeva, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Veysəl Musibovun anası Səməngül Musibova çıxış edərək hərbi qulluqçuları təbrik edib, ölkəmizin düşmən üzərində Qələbə qazanmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli qərarlarından, ordumuzun uğurlu əməliyyatlarından, əsgərlərimizin xidmətlərindən danışıblar.

Çıxışçılar respublikamızda şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra şəhid ailələri tərəfindən Vətən müharibəsinin 4 iştirakçısına Prezidentin müvafiq sərəncamları ilə təltif olunan medallar təqdim edilib. Eyni zamanda, RİH tərəfindən fəaliyyətində fərqlənən bir qrup hərbçiyə fəxri fərmanlar və hədiyyələr verilib.

Daha sonra tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı olub.

Konsertdən sonra şəhid ailələri əsgərlərlə birgə əsgər yeməyinin dadına baxıb, onlarla xatirə şəkili çəkdiriblər.