Xəbərlər
Yeni, müasir sənaye istiqaməti yaradılacaq
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirildi. Dağ-mədən və metallurgiya sənayesinin qarşıdakı illərdə inkişaf istiqamətləri müəyyənləşdirildi. Cənab İlham Əliyev bildirdi ki, bu sahə ölkə iqtisadiyyatı, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaq. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.
Dövlətimizin iqtisadi siyasətində qeyri-neft sektorunun inkişafı, sənaye istehsalının genişləndirilməsi, regionların iqtisadi potensialından səmərəli istifadə, yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin edilməsi əsas istiqamətlərdəndir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramı bu məqsədlərə xidmət edir. Yeni təsdiqlənən Dövlət Proqramında da qeyd edilir ki, əsas hədəf dayanıqlı və rəqabətqabiliyyətli istehsalın inkişaf etdirilməsi, mineral-xammal bazasının genişləndirilməsi, geoloji kəşfiyyat işlərinin inkişaf etdirilməsi və mövcud yataqların səmərəli istismarının təmin edilməsi, filizdən son məhsuladək inteqrə olunmuş istehsal və emal zəncirinin formalaşdırılması, yüksək əlavə dəyər yaradan metallurgiya məhsullarının istehsalının və ixrac potensialının artırılmasıdır.
Dövlət başçısı İlham Əliyev müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etmədiyini əsaslı şəkildə diqqətə çatdırdı. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur. Təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Təbii ki, işğal dövründə Ermənistan dövləti ancaq talançılıqla məşğul idi. Sovet vaxtında müəyyən dərəcədə kəşfiyyat işlərinin aparılmasına baxmayaraq o zaman sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan qeyd olunan sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi idi. Ona görə də bir çox perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bu məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq edilir. Birinci, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınmasıdır. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Dövlət başçısı vurğuladı ki, Ağdərə rayonunda artıq işlərə başlanılıb. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq. Prezident İlham Əliyev çıxışında Naxçıvan Muxtar Respublikasını da perspektivli ərazilərdən biri kimi qeyd etdi. Vurğuladı ki, Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq.
“Növbəti istiqamət Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağıdır” deyən cənab İlham Əliyev onu da əlavə etdi ki, bu yataq çox perspektivlidir və artıq bir neçə ildir ki, “AzerGold” şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görür. Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir. “AzerGold” bu yatağın 100 faiz səhmdarı olmalıdır: “İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, - əgər maraq olarsa, mən əminəm ki, olacaq, - xarici investorlar da bu yatağa cəlb oluna bilər”.
Cənab İlham Əliyev sənaye parklarının, aqroparkların yaradılmasından geniş bəhs etdi. Bildirdi ki, sənaye parkları və aqroparklar Azərbaycanda artıq hər bir bölgədə var. Bu yaxınlarda Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalanıb. Sənaye parklarının və aqroparkların fəaliyyəti nəticəsində milyardlarla manat əlavə dəyər yaradıldı, o cümlədən ixrac potensialımız gücləndirildi. Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır. “Daşkəsən” filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı ölkənin daha geniş sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi dəyərləndirilir.
