Xəbərlər
Təbii resurslardan səmərəli istifadə ölkə iqtisadiyyatını gücləndirir
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirildi. 23 sentyabr tarixində cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” təsdiqləndi. Dövlətimizin başçısı müşavirədə Dövlət Proqramının icrası nəticəsində əldə ediləcək uğurlardan geniş bəhs etdi. Bildirdi ki, ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzalamışam. Bu aylar ərzində proqram üzərində hazırlıq işləri gedirdi. Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək. Son vaxtlar qəbul olunmuş dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək. Qəbul edilmiş bütün proqramlar çox konkretdir, qısamüddətlidir və son məqsədə çatmaq üçün həm dövlət büdcəsində növbəti illər üçün maliyyə təminatı, həm də investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Eyni zamanda, bu proqramların icra və nəzarət mexanizmləri də tam hazırdır: “Qəbul edilmiş proqramlar arasında əlbəttə ki, ilk növbədə, üç əsas istiqaməti qeyd edərdim, halbuki daha çox proqram qəbul edilib. Amma kənd təsərrüfatına, nəqliyyata, su təsərrüfatına - həm meliorasiya, həm Bakı və Abşeron yarımadasının su təminatına dair Dövlət proqramları, əlbəttə ki, çox böyük vəsait tələb edir. Amma bu proqramlar həm ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda, vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcəkdir”.
Azərbaycanda dağ-mədən sənayesinin həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etmədiyini vurğulayan dövlətimizin başçısı İlham Əliyev qeyd etdi ki, obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. O cümlədən bizim təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Təbii ki, işğal dövründə Ermənistan dövləti ancaq talançılıqla məşğul idi. Sovet vaxtında isə müəyyən dərəcədə kəşfiyyat işləri aparılmışdır. Amma o vaxt sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi sayılırdı. Ona görə bizim bir çox yataqlarımız, yəni perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq. Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır. Orada da vaxtilə, sovet dövründə, həmçinin son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq gələn ildən başlayacaq.
Dağ-mədən sənayesi Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafı üçün prioritetlərdəndir. Yerin təkindəki mineral-xammal ehtiyatları ümumi təbii sərvətlərin əsas hissəsi olmaqla hər bir ölkənin iqtisadi və sosial-siyasi müstəqilliyini müəyyən edən amillər sırasındadır. Ölkəmizdə dağ-mədən sənayesinin inkişaf etdirilməsi, yerli və xarici investorların cəlb olunması, dünya sənayesinə inteqrasiyası üçün geniş imkanlar mövcuddur. Təsdiqlənən Dövlət Proqramı bu sahədə ölkəmizin qarşısında yeni imkanlar açır. Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı dövlətimizin iqtisadi siyasətinin əsas tərkib hissəsidir. Hər bir sahənin inkişafı üçün konkret Dövlət Proqramı qəbul edilir ki, bu da hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.
