Xəbərlər
Güclü ixrac potensialı yaradılacaq
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Dövlətimizin başçısı İlham Əliyevin 23 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nda qeyd edildiyi kimi, müasir qlobal iqtisadiyyat yaşıl enerji keçidi, rəqəmsallaşma, yüksək texnologiyalı
sənayenin sürətli inkişafı, təchizat zəncirlərinin yenidən formalaşması və iqtisadi təhlükəsizlik amillərinin güclənməsi ilə xarakterizə olunur. Bu proseslər qara, əlvan və qiymətli metalların, habelə strateji əhəmiyyətli mineralların (nadir torpaq elementləri daxil olmaqla) qlobal iqtisadiyyat və sənaye üçün vacibliyini daha da artırır. Beynəlxalq təcrübə göstərir ki, dağ-mədən sektorunun rəqabət qabiliyyəti və
iqtisadi səmərəliliyi yalnız mineral ehtiyatların hasilatı ilə deyil, onların dərin emalı, yüksək əlavə dəyər yaradan məhsulların istehsalı, qlobal dəyər zəncirlərinə inteqrasiyası ilə müəyyən olunur.
Proqramda bu statistik rəqəmlər də diqqətə çatdırılır ki, son dövrlərdə ölkədə əlvan və qiymətli metallar üzrə istehsal və ixrac göstəricilərində əhəmiyyətli artım müşahidə olunub. Belə ki, 2015-2025-ci illərdə qızıl istehsalı 33 faiz artaraq 2965,0 kiloqrama, gümüş istehsalı 27,5 dəfə artaraq 3646,0 kiloqrama, mis konsentratı istehsalı isə 8,1 dəfə artaraq 7,8 min tona çatmışdır. Bununla yanaşı, ölkədə mineral-xammal bazasının genişləndirilməsi istiqamətində geoloji kəşfiyyat işləri davam etdirilir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə yerləşən əlvan və qiymətli metal yataqları, eləcə də strateji əhəmiyyətli
minerallar (nadir torpaq elementləri daxil olmaqla) müvafiq sahənin uzunmüddətli inkişafı baxımından mühüm resurs potensialı formalaşdırır. Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı Sərəncam ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal
bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” və 2022-ci ildə imzaladığı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ölkədə genişmiqyaslı regional axtarış-qiymətləndirmə işləri həyata keçirilib. Bu işlər Şərqi Zəngəzur, Qarabağ və Qazax-Tovuz iqtisadi rayonlarını, həmçinin Daşkəsən, Göygöl, Goranboy rayonlarını və Naxçıvan Muxtar Respublikasının Culfa, Şahbuz və Ordubad inzibati ərazi
vahidlərini özündə birləşdirir.
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bu reallıqlar bir daha diqqətə çatdırıldı. Cənab İlham Əliyev bildirdi ki, ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzalanıb. Bu aylar ərzində proqram üzərində hazırlıq işləri gedirdi. Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir: “Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”.
Qeyd edildi ki, son vaxtlar qəbul olunmuş Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək: “Qəbul edilmiş bütün proqramlar çox konkretdir, qısamüddətlidir və son məqsədə çatmaq üçün həm dövlət büdcəsində növbəti illər üçün maliyyə təminatı, həm də investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Eyni zamanda, bu proqramların icra və nəzarət mexanizmləri də tam hazırdır. Qəbul edilmiş proqramlar arasında əlbəttə ki, ilk növbədə, üç əsas istiqaməti qeyd edərdim, halbuki daha çox proqram qəbul edilib. Amma kənd təsərrüfatına, nəqliyyata, su təsərrüfatına - həm meliorasiya, həm Bakı və Abşeron yarımadasının su təminatına dair Dövlət proqramları, əlbəttə ki, çox böyük vəsait tələb edir. Amma bu proqramlar həm ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda, vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcəkdir”.
Azərbaycanın təbii sərvətləri ilə daim dünyanın diqqətindədir. Ölkəmizin bu resurslardan səmərəli istifadəsi həm dayanıqlı inkişafın təmin edilməsində, həm də əməkdaşlıq əlaqələrinin genişləndirilməsində, yeni dostlar, tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu çağırışı etdi ki, yerli və xarici investorlara da mesajımız budur ki, qapılar açıqdır: “Bu Proqramın maliyyə təminatı bəllidir, bütün müvafiq qurumlarla razılaşdırılıb və biz bu proqramı istənilən halda icra edəcəyik. Amma eyni zamanda, əgər yerli və xarici investorlar maraq göstərsələr, müəyyən faiz səviyyəsində onların iştirakı da mümkündür… Yeni bir güclü sənaye istiqaməti yaradılacaq. Beş mindən çox, bəlkə də daha çox yeni iş yeri yaradılacaq. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması daha sürətlə gedəcək. Ölkə büdcəsinə vergilər şəklində böyük vəsait daxil ediləcək, güclü ixrac potensialı yaradılacaq”.
