Xəbərlər
Dağ-mədən sənayesinin inkişafı üçün geniş imkanlar mövcuddur
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda ən perspektivli və yeni inkişaf mərhələsinə qədəm qoyan sahələrindən biri dağ-mədən (metal filizləri) və metallurgiya sənayesidir. Bu sahə ölkənin təbii ehtiyatlarından səmərəli istifadə etməklə daxildə tam istehsal zənciri yaratmağa hədəflənib. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirildi. Dövlətimizin başçısı çıxışında dünənimizə və bu günümüzə baxış əsasında gələcək perspektivlərdən geniş bəhs etdi.
Təbii ki, hər bir sahənin uğurlu inkişafında qəbul edilən Dövlət proqramları əhəmiyyətli rol oynayır. Ölkəmizin həyata keçirdiyi kompleks tədbirlər hərtərəfli inkişafını şərtləndirən əsas amillərdəndir. Cənab İlham Əliyev 2003-cü ildən uğurla həyata keçirilən Regional inkişaf proqramlarından, həmçinin digər mühüm istiqamətlər üzrə qəbul olunan sənədlərdən danışdı. Vurğuladı ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət Proqramı qəbul edilmişdir. Birinci Proqram 2004-cü ilin əvvəlində qəbul edilib. Əslində, bu, 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən önəmli proqramdır. Ondan sonra bir neçə beşillik proqram qəbul edilib və faktiki olaraq regionlarda əsas infrastruktur layihələri icra edilib. Düzdür, bu layihələrin icrası bu gün də davam edir. Çünki əhali artır, məşğulluq artır, iqtisadiyyat artır. Ona görə bu proqramlar statik vəziyyətdə deyil, daim o proqramlara əlavələr edilməlidir və bu gün dövlət investisiya proqramlarında, hər il qəbul etdiyimiz proqramlarda bölgələrin inkişafı xüsusi yer tutur. O da bildirildi ki, qəbul edilmiş bütün proqramlar çox konkretdir, qısamüddətlidir və son məqsədə çatmaq üçün həm dövlət büdcəsində növbəti illər üçün maliyyə təminatı, həm də investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Eyni zamanda, bu proqramların icra və nəzarət mexanizmləri də tam hazırdır: “Qəbul edilmiş proqramlar arasında əlbəttə ki, ilk növbədə, üç əsas istiqaməti qeyd edərdim, halbuki daha çox proqram qəbul edilib. Amma kənd təsərrüfatına, nəqliyyata, su təsərrüfatına - həm meliorasiya, həm Bakı və Abşeron yarımadasının su təminatına dair Dövlət proqramları, əlbəttə ki, çox böyük vəsait tələb edir. Amma bu proqramlar həm ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda, vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcəkdir”.
Müşavirədə ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının hədəfləri diqqətə çatdırıldı. Bu sahənin ölkə iqtisadiyyatı, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını, çox perspektivli sahə olduğunu önə çəkən cənab İlham Əliyev onu da bildirdi ki, düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.
Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində əhalinin məşğulluğunun təmin edilməsi əsas prioritetlər sırasındadır. Bu ərazilərdə iqtisadiyyatın inkişaf etdirilməsi üçün nəzərdə tutulan istiqamətlər sırasında dağ-mədən sənayesi də yer alır ki, bu da təsadüfi deyil. Sözügedən ərazilərdə dağ-mədən sənayesi üçün böyük potensial var. Burada zəngin faydalı qazıntı ehtiyatı hesabına dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Xüsusən də Söyüdlü yatağının hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları genişdir. Ümumiyyətlə, Qarabağ bölgəsinin ölkəmizdə mədənçıxarma sənayesində payı yüksək qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərdə dağ-mədən sənayesinin inkişafı üçün geniş imkanlar mövcuddur. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etmədiyini bildirərək onu da əlavə etdi ki, obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. O cümlədən bizim təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Təbii ki, işğal dövründə Ermənistan dövləti ancaq talançılıqla məşğul idi. Sovet vaxtında isə müəyyən dərəcədə kəşfiyyat işləri aparılmışdır. Amma o vaxt sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi sayılırdı. Ona görə bir çox perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bu məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq edəcəyik. Birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılıb. Dövlətimizin başçısı bu əminliyi ifadə etdi ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq.
