Xəbərlər
Dağ-mədən sənayesində yeni istehsal zənciri qurulur
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və ölkənin malik olduğu təbii resurslardan daha səmərəli istifadə olunması son illərdə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çünki söhbət yalnız yeni mədənlərin yaradılmasından və filiz hasilatının artırılmasından deyil, xammalın ölkə daxilində daha dərindən emal edilməsindən, yüksək əlavə dəyər yaradan istehsal zəncirlərinin qurulmasından və Azərbaycan sənayesinin yeni mərhələyə çıxarılmasından gedir. 22 sentyabr 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi bu sahəyə dövlət səviyyəsində verilən strateji əhəmiyyətin göstəricisidir. Müşavirədə Prezident İlham Əliyev çıxış edərək proqramın qarşısında duran əsas vəzifələri müəyyənləşdirib.
Yeni Dövlət Proqramının fəlsəfəsini müəyyən edən ən mühüm məqam xammal hasilatının sadəcə artırılması ilə kifayətlənməməkdir. Proqramın təqdimatı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov əsas məqsədin daha çox xammal hasil etmək deyil, xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaq olduğunu vurğulayıb. Bu yanaşma Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Filizin hasil edilməsi zəncirin yalnız başlanğıc mərhələsidir. Əsl iqtisadi səmərə isə filizin zənginləşdirilməsi, konsentratların hazırlanması, metalın əldə edilməsi, yarımfabrikat və hazır sənaye məhsullarının istehsalı ilə artır.Başqa sözlə, qarşıdakı dövrdə əsas hədəf “mədən–xammal–ixrac” modelindən daha geniş “mədən–zənginləşdirmə–emal–metallurgiya–yarımfabrikat–sənaye məhsulu–ixrac” zəncirinin formalaşdırılmasıdır.
Prezident İlham Əliyevin müşavirədə verdiyi tapşırıqlar da məhz bu yanaşmanı təsdiqləyir. Dövlət başçısı dağ-mədən sənayesinin son məhsula qədər tam zəncirinin yaradılmasının vacibliyini qeyd edib. Bunun üçün filiz hasilatı ilə yanaşı, zənginləşdirmə, pelet və briketləşdirilmiş dəmir istehsalı kimi mərhələlərin də qurulması nəzərdə tutulur.
Dövlət Proqramının qarşıya qoyduğu hədəflər kifayət qədər genişmiqyaslıdır. Proqramın təqdimatı zamanı açıqlanan göstəricilərə əsasən, 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata yüksəldilməsi nəzərdə tutulur. Eyni zamanda, sektorun illik ixrac potensialının 2025-ci ilin orta dünya qiymətləri əsasında 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması planlaşdırılır. Bu məqsədlərə nail olmaq üçün 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiyanın yönəldilməsi nəzərdə tutulur. Bu investisiyanın maliyyələşmə strukturu da diqqət çəkir. Təqdimata əsasən, 5,3 milyard manatın 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaiti, 2 milyard manatının isə özəl vəsaitlər, o cümlədən borc kapitalı hesabına formalaşdırılması planlaşdırılır. Beləliklə, ümumi investisiyanın təxminən 80 faizinin qeyri-büdcə mənbələri hesabına cəlb edilməsi nəzərdə tutulur. Bu rəqəmlər dövlətin rolunun yalnız maliyyələşdirmə ilə məhdudlaşmadığını göstərir. Dövlət burada həm tənzimləyici, həm də investisiya mühitini formalaşdıran əsas tərəf kimi çıxış edir; dövlət müəssisələri və özəl sektor isə layihələrin maliyyələşdirilməsində və həyata keçirilməsində mühüm rol oynayır.
