YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vyanada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

Fevralın 20-də Vyanada “Marriott” otelində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş konfrans keçirilib.
Avstriyada fəaliyyət göstərən Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin təşəbbüsü və bir sıra qeyri-hökumət təşkilatlarının dəstəyi ilə keçirilən konfransda bu ölkədə yaşayan türk və Azərbaycan diasporunun təmsilçiləri, hər iki ölkənin səfirliklərinin əməkdaşları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı haqqında sənədli film nümayiş olunub.
Sonra Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəhbəri Yardım Günəş dinc əhalinin qətlə yetirildiyi Xocalı soyqırımı haqda həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bu kimi tədbirlərin keçirilməsinin önəmli olduğunu qeyd edib.
Sonra Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev və Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə Azərbaycan dərnəyinin sədri Sinan Oğan məruzəçi qismində çıxış ediblər.
Azay Quliyev çıxışında Xocalı soyqırımın dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi istiqamətində bütün fəaliyyətləri təqdir edib. O bildirib ki, beynəlxalq ictimaiyyətin hər hansısa soyqırımı tanıması üçün üç mərhələli uzun bir yol keçmək lazımdır. İlk mərhələdə soyqırımın dünyada tanıdılması üçün müvafiq məlumatlandırma işi aparılmalı, ikinci mərhələdə müxtəlif ölkələrin parlamentləri tərəfindən həmin soyqırımın tanınmasına nail olunmalı və sonda isə məsələyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir.
O, Xocalı soyqırımının dünyaya tanıdılmasında “Xocalıya ədalət” kampaniyası və digər təsirli fəaliyyət imkanlarını yüksək dəyərləndirib. Bundan sonra da anım tədbirlərinin formatının müasirləşdirilməsinin, daha çox əcnəbi vətəndaşların bu tədbir və layihələrə cəlb edilməsinin vacib olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Xocalı faciəsi Azərbaycan tarixinin ən ağrılı səhifəsi olsa da, xalqımız öz torpaqlarını heç zaman unutmayacaq və onu düşmənə güzəştə getməyəcək.
Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan bildirib ki, erməni lobbisi yüz il bundan əvvəlki hadisələri tarixi sübut və faktlara söykənmədən dünya ictimaiyyətinə soyqırımı kimi təqdim edir və bir çox ölkələrdə buna uğurla nail olur. Bununla da onlar öz cinayət əməllərini pərdələmək, soyqırımına məruz qalmış türk xalqlarını dünyaya soyqırımı törətmiş xalqlar kimi təqdim etmək istəyirlər.
Xocalı soyqırımına aparan səbəblərdən danışan S.Oğan həmin dövrdəki hərbi-siyasi vəziyyətə, dövlətlərarası və beynəlxalq münasibətlərə də nəzər yetirib, tarixi faktlardan və həmin soyqırımı barəsində Qərb mətbuatında işıq üzü görmüş məqalələrdən iqtibaslar gətirib. O bildirib ki, törədilmə səbəbinə və məqsədinə, eləcə də digər amillərə əsasən Xocalı faciəsi “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 1948-ci il BMT Konvensiyasının müddəalarına tam uyğundur. Həmin hadisəni törətmiş cinayətkarlar öz ədalətli cəzalarını almalıdırlar.
S.Oğan Xocalı faciəsi və ermənilərin törətmiş olduğu digər faciələrlə bağlı dünyada geniş məlumatlandırma kampaniyalarının aparılmalı olduğunu da qeyd edib.
Əsassız erməni iddialarına toxunan Türkiyə Böyük Millət Məclisinin üzvü qeyd edib ki, bu gün ermənilər guya türklər tərəfindən soyqırımına məruz qalmaları barədə dünyaya bar-bar bağırırlar. Lakin nədənsə Türkiyənin heç bir yerində ermənilərin dəfn olunduğu kütləvi məzarlıq aşkarlanmır. Əvəzində isə istər Vanda olsun, istərsə də Azərbaycanın Quba rayonundakı kütləvi məzarlıqlarda müsəlmanların cəsədləri aşkarlanır. Bu gün 100 il bundan əvvəl həyata keçirilməsi iddia edilən saxta “erməni soyqırımı” dünyaya tanıdılır, lakin soyqırımını kimin törətdiyi Xocalının timsalında aydın görünür. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün effektiv fəaliyyət tələb olunur.
Həm Azərbaycan, həm də türk diasporunun bu məsələdə birgə fəaliyyət göstərməli olduğunu qeyd edən S. Oğan ulu öndər Heydər Əliyevin “Bir millət – iki dövlət” şüarını diqqətə çatdırıb”. O deyib: “Əgər bir millətiksə, o zaman bir millətin iki ayrı diasporu ola bilməz”.
Sonda çıxışçılar iştirakçıları maraqlandıran sualları cavablandırıblar.