YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Yeni tarix yazan qəhrəmanlarımız Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələri olduqlarını təsdiqlədilər

“Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni tarix yazdı.  O tarix bir daha dünyaya bu reallığı çatdırdı ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, haqq-ədalət Azərbaycanın tərəfindədir, ən əsası torpaqlar  heç vaxt sahibsiz olmayıb, onlar gec-tez  həqiqi sahiblərinə qayıdır  və qayıtdı.  Hər bir Azərbaycan vətəndaşı kimi, gənclərimiz də bugünün həsrəti ilə yaşayırdılar.  Daim dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “hücum” əmrini gözləyən  Azərbaycan əsgəri, gənci sentyabrın 27-də bu sevinci yaşadılar. Ölkə Prezidentimizin “İrəli, Azərbaycan əsgəri!” əmrini yüksək səviyyədə cavablandıraraq bütün qüvvə və bacarıqlarını səfərbər etdi, torpaqlarımızı işğaldan azad etmək üçün silaha sarıldılar. Bu, Azərbaycan gəncinin Vətən, torpaq sevgisinin bir daha nümayişi idi.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

    Ə.Salahzadə vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə, eyni zamanda, onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin son 17 ildə fəaliyyətində gənclərin milli ruhda tərbiyəsi prioritet olub: “Dövlətimizin başçısı İlham Əliyevin Qarabağın döyünən ürəyi olan Şuşaya səfəri zamanı hərbçilərlə görüşündə qeyd etdiyi kimi,  son illərdə  Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. “Dəmir yumruq” əməliyyatı Azərbaycan xalqının birliyini, həmrəyliyini dünyaya nümayiş etdirdi. Bütün kateqoriyadan olan insanlar 30 il işğal altında olan torpaqlarımızın azad edilməsi üçün ayağa qalxsa da, əsas vəzifəni  gənc nəsil yerinə yetirdi.”

    “Yeni tarix yazan Azərbaycan Ordusu dünyanın ən güclü ordusu olduğunu təsdiqlədi” söyləyən millət vəkili bildirib ki, uğurlarımıza yol açan əsas amillərdən biri də Azərbaycanın bu illər ərzində güclənməsi, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın formalaşdırılması oldu: “Dünyaya inkişafın Azərbaycan modeli təqdim edildi.  Zamanın, dövrün tələblərinə uyğun təkmilləşmə, idarəçilik sistemində yeniləşmə, kadr islahatları yeni-yeni hədəflərin gerçəkləşməsini şərtləndirir. Cənab İlham Əliyev daim gənclərin potensial imkanlarından səmərəli istifadınin vacibliyini önə çəkərək gəncliyin dinamizmi ilə yaşlı nəslin təcrübəsinin vəhdətliyi fonunda davamlı inkişafın təmin edilməsinin mümkünlüyünü diqqətə çatdırır. İslahatlar yeniləşmə, inkişaf, yeni baxışların, ideyaların formalaşması və reallığa çevrilməsidir. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə  Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən işğaldan azad edilmiş torpaqlarımızın bərpasından sonra görüləcək işlərdən bəhs edərkən gənclərimizin milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılmasını xüsusi vurğulamışdır.”

   “Göründüyü kimi, 29 illik müstəqillik tarixinə malk olan Azərbaycanın 27 ildə, yəni 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  vətənpərvərlik hissinin aşılanması, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində atılan addımlar öz müsbət nəticəsini verdi” söyləyən millət vəkili  bildirib ki, İkinci Qarabağ müharibəsi bunun dünyaya təqdimatı oldu: “Azərbaycan gəncliyi həm  internet resurslarının yaratdığı imkanlardan maksimum  bəhrələnərək   informasiya mübarizəsinə öz töhfələrini verdi, həm də döyüş meydanında ədaləti bərpa edib erməniləri diz çökdürdü. 44 günlük Vətən müharibəsi bu ümumiləşdirməyə əsas verir ki, Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Bu yetirmələr bu ğün  Azərbaycanın daha parlaq gələcəyə doğru irəliləməsi üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşməsi istiqamətində səylərini daha da artırırlar.”