YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavanşir Paşazadə: Azərbaycan torpaqlarının işğalına son qoyulmalı və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar

“Bu gün Azərbaycan həm hərb meydanında, həm də diplomatiya müstəvisində böyük üstünlüyə sahibdir. İşğalçı Ermənistan getdikcə özünü daha da ağır duruma salmaqdadır. Paşinyan hakimiyyətinin cəbhədə məğlubiyyətlə yanaşı, törətdiyi müharibə cinayətləri, günahsız mülki şəxslərə qarşı aktları terror törətməsi onu beynəlxalq müstəvidə də ciddi qınaq obyektinə çevirməkdədir. Xüsusilə, Gəncə və Bərdə şəhərlərində törədilən son terror aktı xarici mətbuat tərəfindən geniş işıqlandırıldı. Artıq təcavüzkar dövlət terror siyasəti ilə özünü beynəlxalq müstəvidə də təcrid edir”. Bu fikirləri  Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Cavanşir Paşazadə bildirib ki, Azərbaycan dövlətinin  münaqişənin həlli ilə bağlı mövqeyi dəfələrlə bəyan olunub. Prezident İlham Əliyev xarici kütləvi informasiya vasitələrinə müsahibələrində qeyd edib ki, erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Onu da nəzərə almaq lazımdır ki, atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir. Ona görə də, işğalçı ölkəyə etibar etmək çətindir.

Rəsmi Yerevanın müharibə cinayətləri törətməkdə davam etdiyini deyən deputatın sözlərinə görə, döyüş bölgəsindən uzaq olan şəhərlərə, dinc əhaliyə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar müharibə cinayətidir. Ermənilərin bu cinayətləri nəticəsində 90-dan çox dinc sakin həlak olub, 400-dən artıq insan isə yaralanıb. Bütün bunlar erməni faşizminin göstəriciləridir.

C.Paşazadə söyləyib ki, azərbaycanlı qaçqın və məcburi-köçkünlər öz doğma torpaqlarına  qayıtmalıdırlar. Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar. Eyni zamanda, Azərbaycan öz tolerantlıq ənənələrinə sadiqdir. Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi birgə yaşaya bilər.

Dövlətimizin başçısının müvafiq Fərmanını da xatırladan deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılacaq. Yaradılacaq bu struktur dəymiş ziyanı hesablayacaq, onu qiymətləndirəcək, hər şey inventarlaşdırılacaq. Sonra isə vətəndaşların həmin torpaqlara qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaq. Qarabağı bərpa etmək, onu Yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirmək üçün Azərbaycanı dayandıra biləcək maddi maneə yoxdur.

Münaqişənin həlli üçün beynəlxalq səylərə gəlincə, millət vəkili diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə 27 il ərzində icra olunmadı: “Bu gün həmin qətnamələri Azərbaycan özü icra edir. Lakin Prezident İlham Əliyev qeyd etdiyi kimi, Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün hər biri nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Münaqişəni nizamlamaq üçün formal məsələlərdən qaçmaq lazımdır. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Məlumdur ki, oktyabrın 30-da Cenevrədə həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçirilib. Azərbaycan bütün diplomatik təşəbbüsləri dəyərləndirir. Cenevrə görüşündə iştirak da bunu sübut edir. Təbii ki, Azərbaycan tərəfi bu görüşdə öz mövqeyini bir daha ifadə edib. Bu da ondan ibarətdir ki, Ermənistan qoşunlarını işğal etdiyi ərazilərimizdən çıxarmalıdır və bu, konkret vaxt cədvəlinə uyğun olmalıdır. Bundan sonra məsələnin siyasi yolla həlli mümkündür. Əgər Ermənistan bundan sonra da qeyri-konstruktiv mövqeyini davam etdirsə, təcavüzkar ölkə kimi ona sanksiyalar tətbiq olunmalıdır. Əgər kimsə ikinci erməni dövləti yaratmaq istəyirsə, bunu öz ölkəsinin ərazisində həyata keçirsin”.

DİGƏR Xəbərlər Arxiv