YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər ehtiramla yad olunur

Vətən müharibəsi şəhidləri İlyasov Fərid İbad oğlunun və Qənimətov Ətraf Oktay oğlunun anım günləri qeyd olunub.

Anım mərasimlərində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Cabir Əvəzzadə, RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Cövhər Sadıqzadə, şəhidlərin ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşərək şəhadətə ucalan Fərid İlyasov və Ətraf Qənimətovun məzarlarını ziyarət edib, onların əziz xatirələrini ehtiramla yad ediblər.

Çıxış edənlər Vətən uğrunda canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını şəhidlik zirvəsinə yazan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə isə səbir diləyiblər.

Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başlayıb. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatıb, 30 ilə yaxın işğal altında olan torpaqlar azad olunub.

Çıxışlarda vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərimizin döyüş yolu, igidliyi və vətənpərvərliyi gələcək nəsillər üçün bir örnəkdir.

Sonda tədbir iştirakçıları şəhidlərin xatirəsinə dualar oxuyub, onların ruhuna ehtiramlarını ifadə ediblər.