YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Şəmkir rayonunda çörək zavodunun açılışında iştirak edib

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində çörək zavodunun açılışında iştirak edib.
Müəssisənin maketi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, 2,8 hektar ərazidə inşa olunmuş və dəyəri 20,5 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 milyon manat güzəştli kredit verilib. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu dünyanın bu sahədə məşhur şirkətlərinin ən son texnologiyaları əsasında qurulub. Məhsul buraxılışında istifadə olunan su bir neçə mərhələdə süzgəcdən keçirildikdən sonra bütün xammal -su, un, duz, şəkər, maya və s. xüsusi laboratoriyada yoxlanılır və yalnız bundan sonra istehsal prosesinə buraxılır. Bu da sanitar-gigiyenik normalara əməl edilməklə, yağdan istifadə olunmadan yüksək keyfiyyət standartlarına cavab verən çörək və müxtəlif çeşidli digər məmulatların istehsalına şərait yaradır.

Prezident İlham Əliyev zavodu işə saldı.

İstehsal prosesini izləyən dövlətimizin başçısına məlumat verildi ki, çörək və kruasan bölmələrindən ibarət olan bu zavodda ölkəmizdə ilk dəfə Niderlandın “Daub” şirkətinin termoyağlı boru xətləri tətbiq olunub ki, bu da çörəyin daha yüksək keyfiyyətli bişirilməsini təmin edəcək. Müəssisədə 4 çörək istehsalı, qablaşdırma xətləri, xammalın daşınması və avtomatik bölgüsü sistemi olan anbar quraşdırılıb.
Hazır məhsullarla tanışlıq zamanı Prezident İlham Əliyevə  bildirildi ki, müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı olmasına imkan verir. Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə yüksək keyfiyyətli çörək məhsulları təqdim edilir. Hazır məhsulların istehlakçılara çatdırılması üçün ixtisaslaşdırılmış 8 nəqliyyat vasitəsi alınıb və satışın həyata keçirilməsi üçün 15 brend mağaza yaradılır. Zavodda ikinövbəli iş rejimi tətbiq edilməklə, ümumilikdə 100-dək yeni iş yeri açılıb.

Prezident İlham Əliyev müəssisənin potensialından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.