YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycandakı tolerantlıq bütün dünya üçün nümunədir

Azərbaycanın Vaşinqtondakı, İsrailin Bakıdakı səfirliklərinin ABŞ-da birgə proqramı davam edir.

ABŞ-da səfərdə olan İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və Azərbaycan səfirliyinin müşaviri Məmməd Talıbov Vaşinqtonda və Birləşmiş Ştatların tarixi paytaxtı olan Filadelfiyada İsrail-Azərbaycan münasibətlərindən bəhs edən bir sıra birgə tədbirlərdə iştirak ediblər.

İsrail səfiri və Azərbaycan diplomatı Vaşinqtondakı tanınmış Amerika Universitetində bu təhsil ocağının İsrail Mərkəzi tərəfindən təşkil olunmuş seminarda, Amerika Yəhudi Komitəsi (AJC), Yəhudi Respublikaçılar Koalisiyası (RJC) və ACCESS Gənc Peşəkarlar təşkilatının keçirdikləri konfransda, həmçinin AJC Filadelfiya rəyasət heyəti qarşısında çıxış ediblər. Onlar Azərbaycan və İsrail xalqları arasında uzun illər davam edən dostluq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq haqqında danışıblar. Həmçinin regionda cərəyan edən hadisələr, ABŞ ilə əlaqələrə dair sualları cavablandırıblar.

Səfir Rafael Harpaz Azərbaycan cəmiyyətindəki mövcud tolerantlıqdan danışıb, burada digər xalqların nümayəndələri ilə yanaşı, yəhudi icmasının üzvlərinin də sərbəst və təhlükəsiz şəraitdə yaşadıqlarını bildirib. Diplomat Azərbaycandakı tolerantlığın hər gün şəxsən şahidi olduğunu diqqətə çatdırıb, onu bütün dünya üçün nümunə adlandırıb. O, Azərbaycan cəmiyyətində tarixi kökləri olan tolerantlıq ənənələrinin davam etməsi və inkişafında ümummilli lider Heydər Əliyevin rolunu xüsusilə qeyd edib, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.

Hazırda səfirliklərin birgə proqramı Nyu-York şəhərində davam edir.