YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Respublika müşavirəsi post-neft dövründə regionların inkişafı və iqtisadiyyatın diversifikasiyası baxımdan vacib tədbir kimi xarakterizə edilməlidir

«Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi post-neft dövründə regionların inkişafı və eləcə də iqtisadiyyatın diversifikasiyası baxımdan vacib tədbir kimi xarakterizə edilməlidir.  2017-ci il ölkə rəhbərliyi tərəfindən stabillik və növbəti illər isə sürətli iqtisadi artımın formalaşması dövrü kimi xarakterizə edilir. Bu baxımdan, dayanıqlı və balanslı iqtisadi inkişaf birbaşa iqtisadi potensialın regional paylaşması nəticəsində baş verməkdədir». Bu fikirləri yap.org.az saytına İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, Azərbaycan Prezidentinin sədrliyi ilə son dövrlər regionlarda keçirilən müşavirələr artıq real nəticələrini verməkdədir. Onun sözlərinə görə, bu ilin birinci yarımilində ixrac 36 faiz, qeyri-neft ixracatı 27 faiz, kənd təsərrüfatı məhsullarının ixracatı isə 40 faizdən çox artıb.

«Qeyri-neft ixracatının əmtəə strukturu göstərir ki, artımlar birbaşa regionlarda biznesin inkişafı hesabına mümkün olub. Belə ki, qeyri-neft ixracatında əsas ixrac məhsulları məhz regionlarda istehsal edilməkdədir.  Bu isə son illər regionların inkişafı ilə bağlı həyata keçirilən dövlət təşviqedici iqtisadi siyasətinin real nəticələri kimi qiymətləndirilə bilər.  Digər tərəfdən, post-neft dövrünədək regionlarda infrastrukturun formalaşması prosesi, demək olar, başa çatdı. İndi artıq həmin infrastruktur mövcud iqtisadi siyasət nəticəsində əlavə dəyər yaradaraq iqtisadiyyatın şaxələnməsinə töhvə verməkdədir»- deyə, iqtisadçı-ekspert vurğulayıb.

V.Bayramov qeyd edib ki, barama, tütün və fındıq istehsalı Azərbaycan üçün ənənəvi sahələrdir.  O deyib ki, Azərbaycan Prezidentinin birbaşa dəstəyi ilə reallaşan regional iqtisadi islahatlar ənənəvi sahələrin yenidən inkişafına stimul yaradıb. Bu isə həmin sahələrin sahibkarlar üçün cəlbedici etməklə yanaşı, məşğulluğun güclənməsi, yeni işyerlərinin yaradılması, daxili tələbin ödənilməsi və eləcə də qeyri-neft ixracatının artırılması kimi müsbət təsirlərə malikdir.  Yalnız fındıq ixracatından Azərbaycan sahibkarları ötən il 105 milyon dollar gəlir əldə ediblər. Bununla belə, ənənəvi kənd təsərrüfatı məhsullarının ixracatından əldə edilən gəlirin daha da artırılması indi əsas hədəflərdəndir.  Bu isə ölkəmizə daxil olan valyutanın həcminin artırlması baxımdan vacibdir.

İqtisadçı-ekspertin sözlərinə görə, son müşavirədə müzakirə edilən məsələlər və eləcə də, ölkə Prezidentinin göstəriş və tapşırıqları həmçinin ərzaq təhlükəsizliyi və ərzaq təminatının formalaşması baxımdan da qiymətləndirilməlidir: «Azərbaycan Prezidenti həmçinin bir sıra ərzaq məhsulları üzrə istehlak və daxili istehsal ilə bağlı göstəriciləri də təqdim etdi. Bu göstəricilər ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı hədəflərə mərhələli şəkildə  nail olunduğunu göstərir. Belə ki, ölkəmiz üçün ərzaq təhlükəsizliyi yerli istehsalın artırılması ilə yanaşı idxalın azaldılması və əvəzlənməsi baxımdan da vacib hesab edilir. 2017-ci ilin geridə qalan aylarında idxalın azalması və eləcə də ixracatın artması da məhz yerli istehsalın dəstəklənməsi hesabına ərzaq təhlükəsizliyinin formalaşdırıldığından xəbər verir. Kənd təsərrüfatında ənənəvi sektorların dəstəklənməsi həmçinin yeni iş yerlərinin yaradılması baxımdan da vacibdir. Müşavirədə də qeyd olunduğu kimi, sözügedən sektorların dəstəklənməsi artıq regionlarda məşğulluğa müsbət töhvələrini verməkdədir. Bu baxımdan, bu sahələrin inkişafı sahibkarlar üçün daha geniş maliyyə imkanları və eləcə də daha çox yeni iş yerlərinin yaradılmasına deməkdir. Buna görə də, regional islahatlar yalnız iqtisadi deyil, həmçinin sosial töhvələrə malikdir.

Bütövlükdə, son müşavirə regionların daha da inkişaf etdirilməsinin ölkəmiz üçün hər zaman prioritet olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan Prezidentinin sədrliyi ilə bölgələrdə təşkil edilən müşavirələr isə bu sahədə güclü siyasi iradəni bir daha təsdiqləyir».