YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımı bütün dünyanın acısı və bəşəriyyətə qarşı törədilmiş cinayətdir

İndoneziya parlamentinin xarici əlaqələr üzrə birinci komissiyası Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar xüsusi bəyanat yayıb.

Bəyanatda deyilir ki, Xocalı soyqırımı Azərbaycan xalqının üzləşdiyi ən ağrılı yaradır. Bu yalnız Azərbaycan xalqının yarası deyil, eyni zamanda, bütün dünyanın acısı və bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Sənəddə qeyd edilir ki, birinci komissiya İndoneziya-Azərbaycan ikitərəfli əlaqələrinə qardaşlıq çərçivəsində baxır: “Biz inanırıq ki, gerçək qardaşlığın inşası bir-birinin ağrılarını öyrənməkdən, mənəvi dayaq olmaqdan və lazim gələrsə tətbiqi dəstək verməkdən keçir”.

Bəyanatda Nümayəndələr Palatasının sabiq spikeri Marzuki Əlidən sitat gətirilərək bir daha vurğulanır ki, İndoneziyanın qanunverici orqanı hökumətdən Ermənistan ilə Azərbaycan arasındakı münaqişə həll olunana qədər Ermənistanda diplomatik nümayəndəlik açmamağı tələb edir.

İndoneziya xarici siyasətinin Xocalı soyqırımı məsələsinə münasibətinin davamı olaraq palatanın birinci komissiyası əsas məqamları bir daha vurğulayır: “Birincisi, komissiya Azərbaycanın ərazi bütövlüyünə hörmət edir, insanlıq və ədalətə yaraşmayan təcavüzün bütün formalarını qınayır. Azərbaycana qarşı təcavüz baş verərkən artıq bu ölkə müstəqil idi. Bütün dövlətlər Azərbaycanın suverenliyinə və müstəqilliyinə hörmət etməlidir.

İkincisi, komissiya Azərbaycanın müsəlman olduqlarına görə xüsusi zəmində qətlə yetirilmiş yüzlərlə vətəndaşına öz rəğbətini ifadə edir. Ermənistanın işğalının nəticəsi olaraq bir milyondan artıq azərbaycanlı öz tarixi torpaqlarından qovulub və məcburi köçkünə çevrilib.

Üçüncüsü, İndoneziya Ermənistanı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməyə çağırır. Bu qətnamələr Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının dərhal çıxarılmasını tələb edir. Beynəlxalq ictimaiyyətin üzvü olaraq İndoneziya Ermənistan ilə Azərbaycan arasında davam edən münaqişənin ən yaxşı həllinə ümid edir.

Dördüncüsü, komissiya İndoneziya hökumətinə çağırış edərək bildirir ki, Ermənistan və Azərbaycan ilə ikitərəfli münasibətlərdə İndoneziyanın xarici siyasət kursuna uyğun olaraq Xocalı soyqırımını unutmamalı, heç vaxt bu mövqedən dönməməli və hər iki tərəfə münaqişəni sülh yolu ilə həll etmək üçün təkan verməlidir.

DİGƏR Xəbərlər Arxiv