YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kopenhagenin mərkəzi meydanında Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

Danimarkadakı Azərbaycan icmasının üzvləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son vaxtlar baş verən hadisələrlə əlaqədar Kopenhagenin mərkəzində yerləşən “Radhus Plads” meydanında Milli Ordumuza dəstək və həmrəylik aksiyası keçiriblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə iştirakçılar hadisələr zamanı həlak olan əsgərlərimizin və mülki vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Cəbhə xəttində yaşanan son gərginliklər barədə danışan aksiya iştirakçıları bu hadisələrə səbəb olan Ermənistan tərəfinin həyata keçirdiyi işğalçılıq və terror siyasəti haqqında yerli ictimaiyyətə Danimarka və ingilis dillərində məlumat veriblər. Qeyd olunub ki, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlaması və bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün yaranması beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Ermənistan BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını qeyd-şərtsiz və dərhal tərk etməsini tələb edən 4 qətnaməsinə məhəl qoymur.

Ölkəmizə dəstək şüarları səsləndirən aksiya iştirakçıları Ermənistan ordusunun həyata keçirdiyi, mülki insanların həlak olması ilə nəticələnən hərbi əməliyyatları pisləyiblər.

Danimarka ictimaiyyətinə son hadisələr və onun fəsadları, habelə Ermənistan rəhbərliyinin ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti barədə məlumat vərəqələri paylanılıb.

Şimali Avropa regionunda fəaliyyət göstərən müxtəlif türkdilli diaspor təşkilatlarının nümayəndələri aksiyada iştirak ediblər.