YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi bir daha dünyanın diqqətini ölkəmizə yönəltdi

«Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Təsadüfi deyil ki, müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşmasına və inkişafına mühüm töhfələr verib». Bu fikirləri Milli Məclisin deputatı, AŞPA-nın komitə sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Onun sözlərinə görə, respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur.

«Ölkə daxilində belə əlverişli tolerantlıq mühitinin təmin olunması ilə yanaşı, Azərbaycan, eyni zamanda, qlobal miqyasda da multikulturalizm dəyərlərinin möhkəmlənməsinə sanballı töhfələr verir. Bununla əlaqədar keçirilən beynəlxalq tədbirlər bu faktı təsdiqləyir. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşlərinin keçirilməsi də buna sübutdur. Bugünlərdə isə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun  keçirilməsi də bir daha dünyanın diqqətini ölkəmizə yönəltdi. Azərbaycanın sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Xalqlar öz mədəniyyətləri və mənəvi dəyərlərini inteqrasiya etdirir, mövcud mədəni sərvətlər sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur. Müasir dövrdə multikulturalizmin əksinə olaraq özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun dünyaya ünvanladığı mesajlardan biri də məhz budur»- deyə, S.Qafarova qeyd edib.