YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albaniya Prezidenti: TAP layihəsinin vaxtında icra olunacağına inanıram

“Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin vaxtında icra ediləcəyinə inanıram.

Bu sözləri Albaniya Respublikasının Prezidenti Buyar Nişani deyib. TAP layihəsi üzrə hazırda boruların daşındığı əraziyə baş çəkdiyin bildirən Albaniya Prezidenti deyib: “Layihəyə cəlb edilən yüksək standartlara cavab verən mühəndislik işləri məni heyran edib. TAP layihəsinin vaxtında icra olunacağına inanıram”.

Buyar Nişani qeyd edib ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna nəql edəcək 878 kilometrlik TAP boru kəməri Tirananın Avropanın enerji bağı kimi mövqeyinin güclənməsi üçün böyük imkandır. TAP layihəsi o cümlədən də Albaniyanın hazırda kömür və hidroelektrik enerjisindən asılı olan enerji təminatı imkanlarının stabilləşməsinə töhfə olacaq.

Qeyd edək ki, TAP-ın təməlinin qoyulması mərasiminin mayın sonlarında Yunanıstanın Saloniki şəhərində keçirilməsi nəzərdə tutulur. TAP qaz boru kəməri Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə birgə “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsini təşkil edir. TAP kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP Azərbaycan qazının Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

“Cənub Qaz Dəhlizi” layihəsi isə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. 3 min 500 kilometr uzunluğundakı bu dəhlizlə ilkin mərhələdə 2018-ci ildə Türkiyəyə 6 milyard kubmetr, 2020-ci ildə isə Avropaya 10 milyard Azərbaycan qazının nəqli nəzərdə tutulur.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).