Xəbərlər
Heydər Əliyev yolu Azərbaycanı möhtəşəm Zəfər zirvəsinə yüksəltdi

Bədəl Bədəlov
Milli Məclisin deputatı
Müstəqilliyin ilk illərində xalqımız taleyüklü sınaqlarla üz-üzə qalmışdı. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, ölkəmizdə hökm sürən siyasi böhran fonunda daxili qarşıdurmalar vəziyyəti daha da ağırlaşdırırdı. Silahlı toqquşmaların artması, iqtisadi resursların tükənməsi və vətəndaş müharibəsi təhlükəsi reallığa çevrilmişdi.
Bu mürəkkəb dönəmdə xalqın xilaskarı yalnız Ümummilli Lider Heydər Əliyev oldu. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu Öndər dərhal milli qurtuluş missiyasını üzərinə götürdü. Onun qətiyyəti, siyasi təcrübəsi və uzaqgörənliyi sayəsində ölkəmizdə sabitlik bərpa olundu, siyasi xaos aradan qaldırıldı və müstəqilliyin qorunması üçün zəruri addımlar atıldı. Heydər Əliyevin qayıdışı ilə Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu, xalqımızın milli birlik və həmrəyliyi gücləndi. Həmin dövr Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir.
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri ölkənin gələcək inkişaf yolunu müəyyən edən mühüm hadisəyə çevrildi. Xalq böyük səs çoxluğu ilə Heydər Əliyevi dövlət başçısı seçdi və onun rəhbərliyi ilə milli qurtuluş prosesi sürətlə irəlilədi. Bu tarixi seçimin uğurlu nəticəsi olaraq Azərbaycan sabitlik, hüquqi dövlət prinsipləri və inkişaf yoluna qədəm qoydu. Seçkilər ölkəmiz üçün yeni bir dövrün başlanğıcı, xalqın müstəqillik və tərəqqi ümidlərinin təzahürü kimi dəyərləndirildi.
İqtisadi sahədə reallaşdırılan layihələr nəticəsində bazar iqtisadiyyatına keçid təmin olundu, sahibkarlıq fəaliyyəti dəstəkləndi və xarici sərmayələr üçün əlverişli mühit yaradıldı. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq enerji layihələrinin aktoruna çevrilməsinə, ölkənin iqtisadi yüksəlişinə və qlobal strateji mövqeyinin möhkəmlənməsinə şərait yaratdı. Bu müqavilə həm də dövlətimizin beynəlxalq nüfuzunu artırdı və ölkənin müstəqil inkişaf yolunu bir daha təsdiqlədi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət quruculuğu gücləndirildi. 1995-ci il noyabrın 12-də referendumla qəbul edilmiş Konstitusiya Azərbaycanı demokratik, hüquqi və dünyəvi dövlət kimi təsbit etdi. Dövlət quruculuğunun möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması və vətəndaş hüquqlarının qorunması üçün ardıcıl tədbirlər həyata keçirildi. Həmin illərdə vətəndaş cəmiyyəti formalaşmağa başladı və demokratik ənənələrin inkişafı üçün islahatlar aparıldı.
Ümummilli Lider Heydər Əliyevin milli həmrəyliyin təmin olunmasına verdiyi önəm də xüsusilə əhəmiyyətlidir. Onun formalaşdırdığı azərbaycançılıq ideologiyası xalqımızı vahid amal ətrafında birləşdirdi. Hər kəs müstəqilliyin qorunması və ölkəmizin tərəqqisi üçün birgə səylər göstərdi. Bu ideologiya həm də dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynadı, milli birliyin qorunmasını təmin etdi.
Dövlətin gücünü artıran əsas amillərdən biri də müasir ordu quruculuğu idi. Ulu Öndər Heydər Əliyev Silahlı Qüvvələrin strukturunu modernləşdirərək, peşəkar hərbi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirirdi. Hərbi nizam-intizamın bərqərar olunması, maddi-texniki bazanın möhkəmləndirilməsi və silahlanmanın beynəlxalq standartlara uyğunlaşdırılması ölkənin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirdi. Hərbi təlimlər, taktiki hazırlıq proqramları və strateji planlaşdırma sahəsində atılan addımlar ordunun döyüş əzmini artırır, həmçinin ölkənin ərazi bütövlüyünün qorunması üçün dayanıqlı zəmin yaradırdı. Ümummilli Liderin bu istiqamətdə reallaşdırdığı siyasət həm də dövlətin strateji təhlükəsizlik imkanlarının genişlənməsinə və milli suverenliyin möhkəmləndirilməsinə xidmət edirdi. Bu amillər regional və beynəlxalq təhlükəsizlik kontekstində dövlətimizin mövqeyini gücləndirdi. Effektiv ordu modeli sonrakı illərdə tarixi zəfərlərin qazanılması, ərazi bütövlüyünün bərpası və respublikanın qlobal təhlükəsizlik sistemində etibarlı tərəfdaş kimi tanınmasında həlledici rol oynadı.
Ulu Öndər Heydər Əliyev daxili sabitliyi təmin etməklə yanaşı, həm də xarici siyasətdə balanslaşdırılmış və uzaqgörən yanaşmalar nümayiş etdirdi. Azərbaycanın beynəlxalq nüfuzu möhkəmləndi, ölkəmiz dünya birliyi ilə inteqrasiya prosesinə qədəm qoydu. Ermənistanın işğalçılıq siyasəti ifşa olundu, dövlətimizin mövqeyi beynəlxalq tribunalarda müdafiə edildi, diplomatik uğurlar əldə olundu.
Heydər Əliyev yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin siyasi-iqtisadi və hərbi gücü artmış, diplomatik mövqeyi möhkəmlənmişdir. Bütün bunların nəticəsi olaraq 2020-ci ildə baş vermiş Vətən müharibəsində tarixi Zəfər əldə edildi. 2023-cü ildə şanlı ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin dövlət suverenliyi təmin olundu. Azərbaycan beynəlxalq arenada qüdrətli, nüfuzlu bir dövlət kimi tanınır. Ulu Öndərin müəyyən etdiyi siyasət bu gün də ölkəmizin inkişafının, sabitliyinin və etibarlı mövqeyinin əsasını təşkil edir.