Xəbərlər
Tərtərdə ali məktəblərə yüksək balla qəbul olunan tələbələrlə görüş keçirilib

Tərtər rayonunda ali məktəblərə yüksək balla qəbul olunan gənclərlə görüş keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, məktəb direktorları, tələbə adı qazanmış məzunlar və valideynlər iştirak ediblər.
Respublikamızda təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışan millət vəkili Anar Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə bu sahəyə böyük diqqət yetirib: “Prezident İlham Əliyev bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir”.
Tədbirdə akademik Vaqif Abbasov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon üzrə Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva, şəhər 1 saylı məktəbin direktoru Amil Hüseynov, Sarıcalı kənd tam orta məktəbin direktoru Vəsilə Mehdiyeva, qızıl medala layiq görülmüş 5 nömrəli tam orta məktəbin məzunu Sevinc Əlizadə, buraxılış imtahanlarında maksimum nəticə toplayan Sarov kənd tam orta məktəbinin məzunu Çinarə Quliyeva çıxış ediblər.
Natiqlər tələbə adı qazanmış gəncləri təbrik edərək, onlara elm, təhsil yollarında uğurla addımlamağı, Vətənə, xalqa gərəkli övlad olmağı arzulayıb, ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda yüksək balla ali məktəblərə qəbul olmuş tələbələrə YAP Tərtər rayon təşkilatı, Tərtər RİH və Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.