YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəal siyasi dialoq iqtisadi əməkdaşlığa təkan verir

Nurlan Həsənov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin iyulun 21-də Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində aparılan müzakirələr, imzalanan strateji sənədlər və verilən bəyanatlar iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Bu münasibətlər artıq yalnız iqtisadi və ticarət əlaqələri ilə məhdudlaşmır, siyasi dialoqdan enerji təhlükəsizliyinə, nəqliyyatdan yaşıl iqtisadiyyata, biznes əməkdaşlığından regional sabitliyə qədər geniş sahələri əhatə edən strateji tərəfdaşlıq formatı formalaşdırır.

Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən məqamlardan biri strateji dialoqun başlanması olub. Azərbaycan və Almaniya uzun müddətdir ki, bu formatın yaradılmasını istəyirdi və artıq buna nail olunub. “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi sənəddir. Bu sənəd iki ölkə arasında əməkdaşlığın daha planlı, sistemli və nəticəyönümlü şəkildə inkişafına imkan verəcək.

Azərbaycan və Almaniya arasında siyasi münasibətlər son illərdə davamlı inkişaf yolu keçib. Qarşılıqlı səfərlər, yüksəksəviyyəli dialoq və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edib. Almaniya Avropa İttifaqının (Aİ) aparıcı dövləti kimi Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın güclənməsində maraqlı tərəfdir. Azərbaycan isə regionun aparıcı dövləti olaraq təhlükəsizlik, enerji və nəqliyyat sahələrində Avropanın etibarlı tərəfdaşına çevrilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bir neçə işçi qrup yaradılacaq ki, bu gün imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın. Bütün bunlar əməkdaşlığın konkret layihələr və real nəticələr üzərində qurulacağının göstəricisidir.

Səfər çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə mövzularından biri olub. Hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu şirkətlər sənaye, logistika, tikinti, energetika, kənd təsərrüfatı, əczaçılıq və yüksək texnologiyalar kimi sahələrdə mühüm layihələr həyata keçirirlər. Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması sahibkarlar arasında əlaqələrin daha da genişlənməsinə, yeni investisiya layihələrinin hazırlanmasına və ticarət dövriyyəsinin artmasına xidmət edəcək. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri Almaniya şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu ildən-ilə artır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Bununla yanaşı, Azərbaycan nefti uzun illərdir ki, Almaniya bazarına çatdırılır. Bu gün Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə nəql edilir. Bu fakt ölkəmizin etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda, yaşıl enerji sahəsində həyata keçirilən layihələr əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir. Xəzər dənizinin külək enerjisi potensialı, günəş elektrik stansiyaları və yaşıl enerji dəhlizi layihələri Almaniya ilə yeni tərəfdaşlıq imkanları yaradır.

Müasir geosiyasi şəraitdə nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da artır. Azərbaycan son illərdə həyata keçirdiyi iri infrastruktur layihələri nəticəsində Avropa ilə Asiyanı birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyev vurğulayıb ki, keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər layihələr ölkəmizin strateji əhəmiyyətini artırır. Almaniyanın logistika, dəmir yolu və mühəndislik sahəsindəki təcrübəsi bu istiqamətdə yeni əməkdaşlıq perspektivləri yaradır.

Berlin görüşündə Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri də geniş müzakirə olunub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra regionda yeni geosiyasi reallıq formalaşıb. Dövlət başçısı Almaniya hökumətinin Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Azərbaycanın sülh təşəbbüsləri nəticəsində regionda iqtisadi əməkdaşlıq və kommunikasiya əlaqələrinin inkişafı üçün yeni imkanlar yaranır. Bu proses təkcə Cənubi Qafqaz üçün deyil, Avropa ilə Asiya arasında iqtisadi inteqrasiyanın güclənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı ilə münasibətlərin inkişafına da toxunub. Bu il Avropa İttifaqının yüksək rəhbərliyinin Azərbaycana səfərləri tərəflər arasında siyasi dialoqun intensivləşdiyinin göstəricisidir. Almaniyanın Avropa İttifaqında aparıcı mövqeyi nəzərə alınarsa, Berlinlə əməkdaşlığın güclənməsi Azərbaycan–Aİ münasibətlərinin də yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcək. Enerji təhlükəsizliyi, yaşıl keçid, rəqəmsal iqtisadiyyat, nəqliyyat, innovasiya və investisiyalar sahəsində ortaq maraqlar tərəflər arasında əməkdaşlığın gələcək inkişafını şərtləndirən əsas amillərdəndir.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Berlin görüşlərinin nəticələri iki ölkə münasibətlərinin yeni strateji mərhələyə daxil olduğunu nümayiş etdirir. İmzalanmış sənədlər, strateji dialoqun başlanması, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, biznes əlaqələrinin möhkəmləndirilməsi və regional sülhə dəstək iki ölkə arasında tərəfdaşlığın uzunmüddətli inkişafına möhkəm zəmin yaradır.

Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən, qlobal nəqliyyat marşrutlarının əsas iştirakçılarından biri və Cənubi Qafqazda sülhün təşviqinə töhfə verən məsuliyyətli dövlətdir. Almaniya ilə münasibətlərin strateji səviyyəyə yüksəlməsi isə Azərbaycanın Avropa ilə əməkdaşlığında yeni imkanlar açan mühüm siyasi hadisə kimi tarixə düşəcəkdir.

DİGƏR Xəbərlər Arxiv