Xəbərlər
YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb
İyulun 23-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizə səfərin yekunları ilə bağlı Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamenti direktorunun müavini Kanq Şuayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Tahir Budaqov tarixi ənənələrə, qarşılıqlı etimada və möhkəm dostluğa əsaslanan Azərbaycan-Çin münasibətlərinin müasir beynəlxalq münasibətlər sisteminin mühüm reallığı kimi nümunəvi xarakter daşıdığını və geniş perspektivlərə malik olduğunu bildirib.
O, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin dövlətlərarası münasibətlərin inkişafını daim diqqət mərkəzində saxladıqlarını vurğulayıb.
YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə rəsmi dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dan irəli gələrək iqtisadi-ticari, nəqliyyat-logistika, turizm, yaşıl enerji, rəqəmsal texnologiyalar və digər sahələrdə çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi qarşılıqlı maraqların təmini və münasibətlərin gələcək inkişafı baxımından böyük əhəmiyyətə malikdir.
Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi sülh quruculuğundan bəhs edən Tahir Budaqov hər iki ölkənin mühüm qlobal təşəbbüslərlə çıxış etdiyini vurğulayaraq “Bir kəmər, bir yol” layihəsinin və Zəngəzur dəhlizinin geostrateji əhəmiyyətini diqqətə çatdırıb.
O, beynəlxalq hüququn təməlində dayanan ərazi bütövlüyü və suverenlik prinsiplərini əsas götürən Azərbaycanın Vahid Çin siyasətinə qətiyyətli dəstəyini nəzərə çatdırıb.
YAP Sədrinin müavini nümayəndə heyətlərinin mütəmadi səfərlərinin ölkələr və siyasi partiyalar arasında münasibətlərin inkişafı baxımından xüsusi önəm daşıdığını qeyd edib. O, 2024-cü ilin noyabr ayında Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında imzalanmış Əməkdaşlıq Memorandumundan irəli gələn vəzifələrin indiyədək müvəffəqiyyətlə yerinə yetirildiyini vurğulayıb.
Tahir Budaqov gənclərin ictimai-siyasi həyatda, eləcə də dövlət idarəçiliyində və partiya fəaliyyətində aktiv iştirakının önəminə toxunaraq bu sahədə səmərəli əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib. O, partiya diplomatiyasının bundan sonra da ortaq hədəflərin gerçəkləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin İnformatika və Tədqiqatlar Departamenti direktorunun müavini Kanq Şuay rəhbərlik etdiyi nümayəndə heyəti adından səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək səfərin onlarda dərin təəssürat yaratdığını söyləyib.
O, iki ölkənin liderləri tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan-Çin münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğunu qeyd edib.
Kanq Şuay Çin Xalq Respublikasının dost və tərəfdaş Azərbaycanın ədalətli mövqeyini, o cümlədən ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə dəstəklədiyini vurğulayıb.
Hakim partiyalar arasında işbirliyinin əhəmiyyətindən bəhs edən Kanq Şuay ÇKP nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirilən məhsuldar görüşlərin ölkələr və partiyalar arasında əməkdaşlığın dərinləşdirilməsinə və tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verəcəyini bildirib.
Daha sonra nümayəndə heyətinin üzvləri Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin mühüm tərkib hissəsi olan YAP-ÇKP əməkdaşlığının hazırkı durumu və gələcək hədəflərlə bağlı fikirlərini bildiriblər.
Görüşdə yüksəksəviyyəli siyasi dialoq şəraitində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsinin və ümumi maraq doğuran məsələlər üzrə təmasların daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
