YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Almaniya strateji tərəfdaşlığı: ölkəmizin həyata keçirdiyi uğurlu xarici siyasətin məntiqi davamı

“Azərbaycanın Avropa ölkələri ilə etibarlı tərəfdaş kimi münasibətləri davamlı olaraq  inkişaf edir. Həmin ölkələr sırasında Almaniya xüsusi vurğulanmalıdır. Dövlətimiz Avratlantik məkana inteqrasiya və Avropa İttifaqı ilə sıx əməkdaşlıq prosesində Almaniya ilə əlaqələrə xüsusi önəm verir. Almaniya dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Azərbaycan Prezidenti İlham Əliyevin  Almaniyaya rəsmi səfəri də bu baxımdan xüsusi vurğulanmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, qloballaşan dünyanın mühüm siyasi mərkəzlərindən biri olan Almaniya Cənubi Qafqazın lider dövləti oaln Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu təqdir edir. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.

Millət vəkilinin sözlərinə görə, səfər çərçivəsində Prezidentlər  İlham Əliyev və Frank-Valter Ştaynmayer ikitərəfli münasibətləri, eləcə də regional məsələləri və digər aktual mövzuları müzakirə ediblər. Almaniya Prezidentinin Azərbaycanı dünyanın ən sabit ölkəsindən biri kimi dəyərləndirməsi isə dövlətimizin mövcud gücünü və inkişaf səviyyəsini təsdiqləyir. Görüşdə, həmçinin Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi də təqdir edilib.

Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoqun mövcud olduğunu deyən Pərvin Kərimzadə əlavə edib ki, Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək.  Prezident İlham Əliyev və Almaniyanın Federal Kansleri Fridrix Mertsin  Berlində mətbuata bəyanatlarla çıxışlarında da vacib məqamlara toxunulub. Siyasi müstəvi ilə yanaşı enerji, iqtisadi-ticarət əlaqələrinin inkişafı da diqqət mərkəzində olub. Bu ildən Azərbaycan qazı Almaniyaya da ixrac olunur. Bu o deməkdir ki, ölkəmiz Almaniyanın da enerji təhlükəsziliyinə töhfələr verir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir. Bundan əlavə, bağlantılarla və tranzit imkanlarla bağlı da Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var. “Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur”,- deyə cənab Prezident vurğulayıb.

Deputat Azərbaycan Prezidentinin mətbuata bəyanat zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında ətraflı məlumat verdiyini, bu prosesdə Almaniyanın təşəbbüslərini təqdir etdiyini diqqətə çatdırıb. Hazırda Cənubi Qafqaz regionunda yeni səhifələr açılır. Bu, sülh və əməkdaşlıq imkanlarından ibarətdir.

Pərvin Kərimzadə qeyd edib ki, liderlər tərəfindən “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə”nin imzalanması ölkələrimizin gələcək əməkdaşlığında mühüm rol oynayacaq. Sənəddə vurğulandığı kimi, tərəflər qarşılıqlı etimada və müxtəlif sahələrdə maraqların üst-üstə düşməsinə əsaslanan ikitərəfli tərəfdaşlıq və əməkdaşlığı dərinləşdirməklə bağlı qarşılıqlı arzularını təsdiqləyiblər. Eyni zamanda, tərəflər bir-birinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlərini xatırlayaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, Helsinki Yekun Aktına, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına, sülhü və təhlükəsizliyi təşviq edən digər beynəlxalq hüquqi sənədlərə birgə sadiqliklərini bir daha təsdiqləyirlər. Bəyannamədə Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyəti də vurğulanıb. Belə ki, tərəflərin siyasi dialoqun və praktik əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə artan əməkdaşlığı xüsusi  qeyd edilib.

Millət vəkilinin fikrincə, bu sənəd Azərbaycan-Almaniya münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Bəyannamə iki ölkə arasında əməkdaşlığı ayrı-ayrı sahələr üzrə münasibətlərdən çıxararaq vahid strateji çərçivəyə salır və siyasi dialoq, iqtisadiyyat, enerji, təhlükəsizlik, elm, texnologiya, təhsil və humanitar əməkdaşlıq istiqamətlərini uzunmüddətli inkişaf konsepsiyası ətrafında birləşdirir. Avropa İttifaqının aparıcı siyasi və iqtisadi lokomotivi olan Almaniya Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə, Berlinlə strateji gündəliyin formalaşdırılması yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri üçün mühüm siyasi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, imzalanan Birgə Bəyannamədə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti ayrıca vurğulanır. Almaniyanın bu yanaşmanı açıq şəkildə dəstəkləməsi Azərbaycanın Avropa ilə əməkdaşlığının daha da genişləndirilməsinə verilən mühüm siyasi dəstəyin ifadəsidir.

“Azərbaycan-Almaniya strateji tərəfdaşlığı əslində ölkəmizin son illərdə həyata keçirdiyi uğurlu xarici siyasətin məntiqi davamıdır. Azərbaycan artıq ABŞ və Çin ilə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir, Avropa İttifaqı ilə əməkdaşlıq yüksələn xətt üzrə davam edir, eyni zamanda, Avropa İttifaqının on ölkəsi ilə strateji tərəfdaşlıq sənədləri imzalanıb. İtaliya ilə strateji tərəfdaşlıqdan sonra Almaniya ilə də belə bir mühüm sənədin imzalanması Azərbaycanın Avropanın iki aparıcı sənaye və iqtisadi dövləti ilə münasibətlərini strateji səviyyəyə yüksəltdiyini nümayiş etdirir. Bu faktlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxqütblü və balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, yeni siyasi və iqtisadi tərəfdaşlıqların formalaşmasına, ölkəmizin qlobal enerji təhlükəsizliyi, nəqliyyat, iqtisadi əməkdaşlıq və regional sabitlik sahələrində etibarlı tərəfdaş kimi nüfuzunun artmasına xidmət edir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv