Xəbərlər
Azərbaycan-Almaniya: etibarlı tərəfdaşlıqdan yeni strateji mərhələyə
Bədəl Bədəlov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin iyulun 21-də Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar təsdiqləyir ki, iki ölkə arasında əməkdaşlıq artıq yalnız iqtisadi və ticarət əlaqələri ilə məhdudlaşmır, strateji xarakter daşıyan çoxşaxəli tərəfdaşlıq mərhələsinə daxil olur.
Prezident İlham Əliyevin vurğulayıb ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Xüsusilə “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə gələcək əməkdaşlığın hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirir. Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanması iki ölkənin münasibətlərində keyfiyyətcə yeni mərhələnin göstəricisidir. Bu strateji dialoq siyasi-iqtisadi, enerji, nəqliyyat, yaşıl keçid, rəqəmsal texnologiyalar və təhlükəsizlik kimi mühüm istiqamətlər üzrə davamlı əməkdaşlığın institusional əsaslarını formalaşdırır.
Almaniya Avropa İttifaqının (Aİ) aparıcı siyasi-iqtisadi gücü olmaqla yanaşı, Avropanın qərarvermə proseslərində xüsusi çəkiyə malik dövlətdir. Bu baxımdan Azərbaycan–Almaniya münasibətlərinin inkişafı yalnız ikitərəfli əməkdaşlıq baxımından deyil, həm də Azərbaycan–Avropa İttifaqı əlaqələrinin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir: “Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir”.
Bu gün Almaniya şirkətləri Azərbaycanda ən fəal xarici investor və tərəfdaşlar sırasında yer alırlar. Artıq 200-dən çox Almaniya şirkəti ölkəmizdə uğurla fəaliyyət göstərir. Bu şirkətlər sənaye, maşınqayırma, logistika, tikinti, enerji, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və xidmət sektorunda mühüm layihələr həyata keçirirlər.
Səfər zamanı qarşılıqlı investisiyaların artırılması, Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi və yeni iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində konkret təkliflərin irəli sürülməsi qarşıdakı dövrdə iqtisadi əməkdaşlığın miqyasının daha da genişlənəcəyini nümayiş etdirir. Azərbaycanın əlverişli investisiya mühiti, müasir nəqliyyat infrastrukturu, sabit siyasi vəziyyəti və regionun əsas logistika mərkəzinə çevrilməsi Almaniya biznesi üçün yeni imkanlar yaradır.
İki ölkə arasında enerji sahəsində əməkdaşlıq son illərdə xüsusi dinamika qazanıb. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə çatdırılır. Bu isə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Almaniyaya neft ixracını davam etdirir və gələcəkdə yaşıl enerji layihələri vasitəsilə Avropa bazarına elektrik enerjisinin çatdırılması istiqamətində də mühüm layihələr həyata keçirir. Xəzər dənizinin külək enerjisi potensialı, günəş enerjisi layihələri və yaşıl enerji dəhlizinin yaradılması Azərbaycanı Avropanın enerji keçidində etibarlı tərəfdaşa çevirir. Enerji sahəsində əməkdaşlığın genişlənməsi həm də iqtisadi münasibətlərin daha da dərinləşməsinə xidmət edir.
Prezident İlham Əliyev çıxışında nəqliyyat və tranzit imkanlarına da toxunub. Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri ölkəni Avrasiya məkanının əsas nəqliyyat qovşaqlarından birinə çevirib. Azərbaycanın Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması ölkəmizin Orta Asiya ilə Avropa arasında körpü rolunu daha da gücləndirib. Orta Dəhliz üzrə yükdaşımaların artması, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və müasir avtomobil magistralları Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Almaniya şirkətlərinin logistika və nəqliyyat sahəsində zəngin təcrübəsi bu istiqamətdə yeni birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.
Prezident İlham Əliyev bəyanatında Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində əldə olunan nailiyyətləri də vurğulayıb. Dövlət başçısı qeyd edib ki, sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Dövlətimizin təşəbbüsü ilə həyata keçirilən humanitar və iqtisadi addımlar, o cümlədən Ermənistana yanacaq təminatı və Azərbaycan ərazisindən tranzit yüklərin daşınması Cənubi Qafqazda qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyev Almaniya hökumətinin sülh prosesinə verdiyi töhfəni də yüksək qiymətləndirərək, danışıqların müxtəlif mərhələlərində bu dost ölkənin konstruktiv rol oynadığını qeyd edib.
Səfər zamanı Avropa İttifaqı ilə əməkdaşlıq da əsas müzakirə mövzularından biri olub. Prezident İlham Əliyev bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərlərini münasibətlərdə yeni mərhələnin göstəricisi kimi dəyərləndirib. Almaniyanın Avropa İttifaqı daxilində aparıcı mövqeyi nəzərə alınarsa, rəsmi Berlinlə strateji tərəfdaşlığın güclənməsi Azərbaycan–Aİ əməkdaşlığının da inkişafına mühüm töhfə verəcək. Bu münasibətlər yalnız enerji ilə məhdudlaşmır, ticarət, investisiya, rəqəmsal inkişaf, innovasiya, yaşıl iqtisadiyyat, elm, təhsil və texnologiyalar sahəsində əməkdaşlıq üçün də geniş perspektivlər mövcuddur.
Azərbaycan və Almaniya münasibətləri qarşılıqlı etimada, siyasi dialoqa və ortaq maraqlara əsaslanan yeni strateji mərhələyə qədəm qoyur. İmzalanmış Birgə Bəyannamə, Biznes Şurasının yaradılması, enerji əməkdaşlığının genişlənməsi, investisiyaların artırılması, nəqliyyat və logistika sahəsində yeni layihələrin hazırlanması, eləcə də Avropa İttifaqı ilə əlaqələrin dərinləşdirilməsi qarşıdakı illərdə ikitərəfli münasibətlərin əsas inkişaf istiqamətlərini müəyyən edir.
Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, Avropanın enerji və nəqliyyat təhlükəsizliyinə mühüm töhfə verən, regionda sülh və əməkdaşlığı təşviq edən dövlət kimi mövqeyini ardıcıl şəkildə möhkəmləndirir. Azərbaycan–Almaniya strateji dialoqunun başlanması isə bu münasibətlərin uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq modelinə çevriləcəyini göstərən ən mühüm siyasi nəticələrdən biridir.
