YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır

“Dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamı tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar sırasındadır. Bu Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir. Hər bir tarixi gün keçilən yola nəzər salmağı bir tələb kimi qarşıya qoyur. Bu gün torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd etməkdən böyük xoşbəxtlik ola bilməz. Bu xoşbəxtliyi, sevinci xalqına yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza daim minnətdarıq. 44 gündə 30 ilin işğalına son qoymaq, ədaləti bərpa etmək, yeni reallıqlar yaratmaq dövlətimizin uğurlu siyasətinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev daim çıxışlarında bu əminliyi ifadə edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərdə yeni həyat başlayacaq. 2003-2020-ci illər Zəfərə doğru atılan addımlarla xarakterizə edilir. Cənab İlham Əliyev bütün çıxışlarında bu çağırışı da edir ki, əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı,  Ermənistan  torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi.

44 günlük İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Həmin sənədə əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, bu günümüzün əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini müasir tələblər səviyyəsində həyata keçirmək, Böyük Qayıdış prosesini sürətləndirməkdir: “Bu gün digər işğaldan azad edilmiş ərazilərimiz kimi, Laçın da həyatının yeni dövrünü yaşayır. Bərpa-quruculuq işlərində əsas diqqət göstərilən məsələ infrastruktur layihələrinin uğurlu icrasıdır. Bunu Laçının bərpasında da aydın görmək mümkündür. Ümumilikdə Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək. Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir. Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir. İşğaldan azad edilmiş ərazilərdə tikilib istifadəyə verilən 3 hava limanından biri Laçın rayonu ərazisindədir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verildi.  Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək”.

Malik Həsənov dövlətimizin başçısı İlham Əliyevin “Bu gün artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq” fikirlərini önə çəkərək hazırda işğaldan azad edilmiş bütün ərazilərimizin quruculuq meydanına çevrildiyini qeyd edib: “Sakinlərinə qovuşan şəhər və kəndlərimizin sayı artır. Bu, Böyük Qayıdış Proqramının uğurlu icrasının göstərisicidir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə davamlı səfərləri qayıdış ünvanlarının sayının artmasına xidmət edən mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Cənab İlham Əliyevin  Laçına ötən müddət ərzində 8 səfəri olub. İlk səfər 2021-ci ilin fevralında reallaşdırılıb. Səfər Güləbird kəndində Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. Bu ilin mayında gerçəkləşən sayca 8-ci səfər isə Laçın şəhərinin  diplomatik mərkəz kimi dünyanın diqqətində olması ilə xarakterizə edilir. Belə ki, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə Zirvə görüşü keçirildi. Cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında bildirdi ki, bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub.  Azərbaycan, Türkiyə və Pakistan Liderləri, eyni zamanda, Laçında təşkil edilən  Müstəqillik Günü ilə bağlı tədbirdə iştirak etdilər, Laçın şəhərində seyrəngahda oldular. Bayram tədbirində dövlətimizin başçısı İlham Əliyev bir daha vurğuladı ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.

Millət vəkili bildirib ki, 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib: “Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571, Zabux kəndinə 217, Sus kəndinə 59, Bəylik kəndinə 89 ailənin daimi məskunlaşması təmin edilib. Dövlətimizin başçısı İlham Əliyevin “Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb… Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır” fikirləri azad edilmiş ərazilərimizdə yaşanan reallıqların təqdimatıdır”.

DİGƏR Xəbərlər Arxiv