Xəbərlər
“Ölkəmizdə uşaqların hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb”
Pirallahı rayonunun Çilov qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının, SOCAR-ın “28 May” Neft və Qaz Çıxarma İdarəsinin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, “28 May” NQÇİ-nin rəisi Ramin Quliyev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin direktoru Təranə İskəndərova, partiya fəalları, ümumtəhsil müəssisələrinin müəllim və şagird kollektivi iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan “28 May” NQÇİ-nin rəisi Ramin Quliyev iştirakçıları salamlayaraq bütün uşaqları bayram münasibətilə təbrik edib. O, Azərbaycanda uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onların hərtərəfli inkişafının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətindən danışıb. Qeyd olunub ki, uşaqların fiziki və mənəvi sağlamlığının qorunması cəmiyyətin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov ölkəmizdə uşaq və yeniyetmələrə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti bu gün də öz bəhrəsini verməkdədir. O, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin uşaqların rifahının yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edib.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov çıxışında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixindən bəhs edərək, ölkəmizdə uşaqların hüquqlarının qorunması və onların hərtərəfli inkişafı istiqamətində görülən işlərdən danışıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin direktoru Təranə İskəndərova isə çıxışında dövlət tərəfindən uşaqlara göstərilən diqqət və qayğının Ümummilli Lider Heydər Əliyev siyasi kursunun uğurlu davamı olduğunu vurğulayıb. O bildirib ki, ölkəmizdə uşaqların sağlam mühitdə böyüməsi, keyfiyyətli təhsil alması və hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb.
Sonra bədii hissə təqdim olunub.
Tədbirin sonunda şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
