Xəbərlər
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Şəmkirdə də qeyd olunub
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
Tədbirdə müxtəlif sahələr üzrə yerli və beynəlxalq müsabiqələrdə uğur qazanan şagirdlər, azyaşlılar, valideynlər, ictimaiyyət nümayəndələri və təhsil işçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, ölkəmizdə uşaqların hüquqlarının qorunması və onların hərtərəfli inkişafı istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətindən danışıb. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uşaqların sağlam, təhlükəsiz və firavan mühitdə böyüməsi, keyfiyyətli təhsil alması, istedad və bacarıqlarının üzə çıxarılması daim diqqət mərkəzində saxlanılır.
Fəxrəddin Vəliyev Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqların sağlam, savadlı və vətənpərvər ruhda yetişməsi istiqamətində həyata keçirdiyi mühüm təşəbbüsləri də xüsusi vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun və Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, təhsil və səhiyyə müəssisələrinin yenilənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyin göstərilməsi, eləcə də uşaqların hərtərəfli inkişafına xidmət edən çoxsaylı layihələr uğurla icra olunur. Bu fəaliyyətlər Azərbaycan uşaqlarının xoşbəxt gələcəyinin təmin edilməsinə mühüm töhfə verir.
O əlavə edib ki, dövlət siyasətinin prioritetlərinə uyğun olaraq Şəmkir rayonunda da uşaqların təlim-tərbiyəsi, təhsili, intellektual və mənəvi inkişafı, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşı Anar Məcidov çıxışlarında uşaqların milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması və layiqli vətəndaş kimi formalaşması üçün dövlət tərəfindən yaradılan geniş imkanlardan bəhs ediblər.
Tədbirin bədii hissəsində rayonun məktəbəqədər təhsil müəssisələrinin, ümumtəhsil məktəblərinin və uşaq yaradıcılıq mərkəzlərinin hazırladığı ədəbi-bədii və musiqili kompozisiyalar nümayiş etdirilib. Həmçinin məktəblilərin və körpələr evi-uşaq bağçalarının balacalarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirin sonunda 2025-2026-cı tədris ilində təhsil, elm, idman və digər sahələrdə yüksək nailiyyətlər qazanan şagirdlər YAP Şəmkir rayon təşkilatının fəxri fərmanı və təşəkkürnamələri ilə təltif olunublar.
