YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfərin izləri ilə Qarabağa səyahət”

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının təşəbbüsü ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Zəfərin izləri ilə Qarabağa səyahət” adlı səfər təşkil edilib.

Ağdam–Əsgəran–Xocalı–Xankəndi–Şuşa marşrutu üzrə həyata keçirilən səfərdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları, eləcə də Yeni Azərbaycan Partiyasının üzvü olan Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 53 nəfər iştirak edib.

Səfər iştirakçıları Ağdam Cümə Məscidi, Əsgəran qalası, Xankəndi şəhəri, Şuşa qalası, Yuxarı Gövhər Ağa Məscidi, Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi və İsa bulağını ziyarət ediblər.

Doğma yurd yerlərini ziyarət etmək, Zəfərin ruhunu yaxından hiss etmək, qəhrəman şəhidlərin və rəşadətli ordumuzun şücaəti sayəsində azadlığına qovuşan torpaqlarda olmaq iştirakçılarda dərin və unudulmaz təəssüratlar yaradıb.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyi nəticəsində tarixi Qələbə qazanılıb. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa, yenidənqurma və abadlıq işləri uğurla davam etdirilir.

Səfər iştirakçıları Ağdam, Xankəndi və Şuşada həyata keçirilən layihələrlə yaxından tanış olaraq bölgədə formalaşan yeni inkişaf mənzərəsinin şahidi olublar. Xüsusilə tarixi və mədəni irsin bərpası, müasir infrastrukturun yaradılması və yaşayış məntəqələrinin yenidən qurulması istiqamətində görülən işlər böyük maraq doğurub.

Səfər çərçivəsində tədbir iştirakçılarından biri, 1993-cü ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının üzvü olan Bəxtiyar Yunusovun 65 illik yubileyi münasibətilə təbrik edilməsi də xoş və yaddaqalan məqamlardan biri olub.

İştirakçılar belə səfərlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv