Xəbərlər
Xankəndi Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcək

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri, səfər çərçivəsində Bakıda “Özbəkistan” parkının təməlini qoyulması, ölkələrimiz arasında imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistan səfirliyinin yeni binasının açılışı münasibətlərimizin müsbət strateji inkişaf prosesi yaşadığını və çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini deməyə əsas verir. Səfər iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və institusional çərçivədə möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin yaradır. Son illərdə Azərbaycan-Özbəkistan əlaqələri əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir və ikitərəfli münasibətlərin gələcək inkişafı üçün möhkəm təmələ çevrilir.
Qeyd edək ki, iki ölkə arasında bu vaxtadək 170-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə imzalanıb. Sənədlərin say tərkibinin genişliyi əlaqələrin daha da möhkəmlənməsi üçün hüquqi bazanın mövcudluğunu sübut edir. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
Tərəflər münasibətlərin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını həm apardıqları müzakirələrlə, həm də imzalanan sənədlərlə təsdiqlədilər. Mətbuata bəyanatında “Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk” söyləyən dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki, bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edilib. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bu da bizim niyyətimizi əks etdirir, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur: “Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq. Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir”.
Qeyd edək ki, iyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü də üzv ölkələrin malik olduqları imkanların təqdimatında öz sözünü dedi. Cənab İlham Əliyev vurğuladı ki, iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün bu gün müzakirə edilən məsələlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vurğuladı ki, hər hansı sülh və inkişafın bünövrəsi öncə iqtisadi əməkdaşlığa söykənir. Ona görə təşkilat daxilində tərəfdaşlığımız nəinki təbiidir, o cümlədən böyük strateji əhəmiyyətə malikdir. Təşkilatımızın orta və uzunmüddətli inkişaf prioritetlərini aydın şəkildə müəyyən etməliyik. Bunun üçün “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” adlı konsepsiyanı qəbul etmək zəruridir. Ticarət, sərmayə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, ekologiya, turizm və təhsil kimi ənənəvi sahələrlə yanaşı, biz, həmçinin innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirməliyik. Əmtəə və xidmətlərdə ticarətin asanlaşdırılması, texniki və qeyri-tarif maneələrin tədricən aradan qaldırılması və elektron ticarətin inkişafı xüsusilə vacibdir. Bu əminlik ifadə edildi ki, Zirvə görüşü məqsədlərimizə, planlarımıza nail olmaq işinə təkan verəcək, çoxtərəfli və praktiki əməkdaşlığımızı yeni səviyyəyə qaldıracaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında əminliklə qeyd etdi ki, Xankəndi şəhəri Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcək. Ticarətdən nəqliyyata, ətraf mühitdən enerjiyə qədər müxtəlif sahələrdə geniş potensiala sahib təşkilatımızın bu Zirvə görüşünün iqlim dəyişikliyinə həsr edilməsi son dərəcə doğru qərardır.
Azərbaycan ECO-nun üzvü olaraq təşkilatın məqsəd və prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir.