YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tarixi torpaqlarımıza qayıdış”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Tarixi torpaqlarımıza qayıdış” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı İbrahim Zeynalov qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” ölkəmizin dövlətçilik tarixində mühüm mərhələdir və bu mərhələ tarixi torpaqlara qayıdışla əlamətdardır: “Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməllər əsasında Prezident İlham Əliyev müstəqil Azərbaycanın misilsiz inkişaf yolunu müəyyənləşdirib. Hərbi-siyasi və diplomatik sahələrdə əldə olunan nailiyyətlər xalq-iqtidar-ordu birliyinin gücünü bütün dünyaya nümayiş etdirib. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə xalqımızın həmrəyliyinin təntənəsi idi. Bu Zəfər həm doğma torpaqların azad olunması, həm də dövlət suverenliyinin bərpasına gətirib çıxardı. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdışın reallığa çevrildiyini göstərir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı layihələr burada həyatın yenidən canlanmasının təzahürüdür. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində azad torpaqlarda müasir infrastruktur qurulur, yeni yaşayış mühiti formalaşır. Həmin proses gələcək nəsillərə sabit və firavan həyat bəxş edəcəkdir. Tarixi torpaqlara qayıdış dövlət başçısının müdrik siyasətinin təntənəsidir”.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək vurğulayıb ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Tarixi torpaqlarımıza qayıdış” mövzusu xalqın mənəvi gücünü, qürurunu və milli birliyini təcəssüm etdirir: “Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən siyasi xətt və Prezident İlham Əliyevin qətiyyətli liderliyi sayəsində uzun illər arzuladığı müqəddəs qayıdışa nail olub. 30 ilə yaxın müddətdə düşmən işğalı altında qalan torpaqların azadlığı uğrunda mübarizə xalqımızın əzmini, birliyini və dövlətə sədaqətini nümayiş etdirib. Qazanılan Zəfər və suverenliyin tam təmin olunması yalnız hərbi deyil, eyni zamanda tarixi ədalətin təntənəsidir. Bu böyük uğurun təməlində Ulu Öndər Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin uğurlu siyasəti və müasir ordu quruculuğu dayanır. Dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan Böyük Qayıdış Proqramı azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını təmin edir. Şəhər və kəndlərin yenidən qurulması, müasir infrastruktur və yaşıl enerji layihələri Azərbaycanın inkişaf yolunun bariz nümunəsidir. Tarixi torpaqlara qayıdış milli kimliyin bərpası və dövlətin qüdrətinin göstəricisidir”.

YAP Yasamal rayon təşkilatı üzrə Bakı Dövlət Universiteti ərazi partiya təşkilatının sədri Zahid Cəfərov çıxışında bildirib ki, Azərbaycan xalqı tarixən azadlıq və ədalət uğrunda mübarizə aparıb və həmin mübarizənin zirvəsi olan Zəfərin beşinci ildönümünü yaşayır: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun inkişaf etdirilib. Bu siyasət nəticəsində ölkəmiz iqtisadi, hərbi və diplomatik sahələrdə böyük nailiyyətlərə imza atıb. Vətən müharibəsində qazanılan tarixi Qələbə bu uğurların məntiqi nəticəsi idi. Azad edilən torpaqlarda həyata keçirilən Böyük Qayıdış Proqramı xalqın doğma yurda dönüş sevincini reallaşdırır. Bu torpaqlarda tikilən məktəblər, xəstəxanalar, yollar və yaşayış məntəqələri dövlətin bərpa-quruculuq iradəsini nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr gələcəyin müasir, yaşıl və ağıllı şəhərlərinin əsasını qoyur. Tarixi torpaqlara qayıdış milli ruhun yenidən oyanışı, mədəni dirçəlişin başlanğıcı kimi dəyərləndirilir. Bu proses xalqın birliyini, dövlətə inamını və Vətən sevgisini daha da gücləndirir. Qayıdış prosesi həm milli qürurun, həm də suveren dövlətçiliyin təntənəsidir”.

Çıxışlardan sonra bədii hissə təqdim edilib.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.