Xəbərlər
Xaçmazda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov bildirib ki, bu il Konstitusiyanın 30 illiyi, tarixi Zəfərin və dövlət suverenliyinin isə 5 illiyi qeyd olunur: “Bu möhtəşəm bayramlar münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, xoş günlər arzulayıram. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi cəmi 44 gün davam edərək şanlı Qələbə ilə başa çatdı. Erməni faşizmi darmadağın edildi, torpaqlarımız düşməndən azad olundu. Antiterror əməliyyatı nəticəsində isə separatçı qüvvələrin qalıqları da torpaqlarımızdan qovularaq dövlət suverenliyi tam bərpa olundu. Bütün bu nailiyyətlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun qəhrəmanlığı sayəsində mümkün olmuşdur”.
Rayon təşkilatının sədri əlavə edib ki, xalqın sarsılmaz əzmi və iradəsi, güclü iqtisadi potensial, müasir ordu quruculuğu və xalq–iqtidar birliyi Qələbəni təmin edən əsas amillərdən olub. Qeyd edilib ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması bütün xalqımız üçün Zəfər Gününə çevrilib. Bu əlamətdar hadisə həm Azərbaycan Ordusunun gücünü, həm də xalqın birlik və qüdrətini dünyaya nümayiş etdirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə xalqımızın qürurunun, dövlətimizin nüfuzunun və gələcək yüksəlişinin təntənəsinə çevrilən bu misilsiz Qələbənin əbədiləşdirilməsi qərara alınıb.
Tədbirdə partiya veteranları Sürayə Əmirova, Nazim Ağayev, qazi Vüqar Fərzəliyev, şəhid anası Validə Hacıyeva, eləcə də Gənclər və İdman İdarəsinin sektor müdiri Elman Məmmədov çıxış ediblər. Natiqlər qeyd ediblər ki, ölkəmiz müstəqilliyini və suverenliyini qoruyan, regionda sülhün və sabitliyin təminatçısı kimi çıxış edən güclü bir dövlətdir. Bildirilib ki, əldə edilən nailiyyətlərin əsasında xalqın birliyi, ordumuzun qüdrəti və dövlət rəhbərliyinin uzaqgörən siyasəti dayanır. Çıxış edənlər şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu, qazilərə və onların ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar.
Sonda yubileyləri olan ƏPT sədrləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
