YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda “Dirçəliş Qarabağım” adlı təsviri sənət müsabiqəsi keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər günü münasibətilə Nəsimi rayonunda “Dirçəliş Qarabağım” adlı təsviri sənət müsabiqəsi təşkil olunub.

Tədbir Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, Azərbaycan Ordusunun rəşadəti və xalq-dövlət birliyi nəticəsində 30 ilə yaxın davam edən işğala son qoyulub: “Biz bu gün ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmiş qalib bir xalqıq. Bu möhtəşəm Zəfər hər birimizin qəlbində böyük qürur, vətənə bağlılıq və məsuliyyət hissi yaradır. Qalib ölkənin vətəndaşı olmaq həm şərəf, həm də gələcək qarşısında borcdur”.

Daha sonra 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva çıxış edərək “Dirçəliş Qarabağım” müsabiqəsinin tədris və tərbiyəvi əhəmiyyətindən danışıb: “Məktəblilər bu müsabiqə vasitəsilə Zəfər tariximizi təkcə öyrənmir, onu hiss edir, yaşayır və sənətdə ifadə etməyi bacarırlar. Bu, vətənpərvərlik tərbiyəsinin ən təsirli formalarından biridir”.

O əlavə edib ki, müsabiqəyə təqdim olunan rəsmlər Qarabağın azad edildikdən sonrakı yenidənqurma, dirçəliş və həyatın qayıdışı motivlərini əks etdirib.

Tədbirdə iştirak edən Vətən müharibəsi qaziləri və veteranlar döyüş yolundan, döyüş yoldaşlarının qəhrəmanlığından və Qarabağın azad olunması uğrunda göstərilən fədakarlıqlardan danışıblar. Bildirilib ki, Zəfər Gününün mənası yalnız qələbə ilə məhdudlaşmır, bu, Azərbaycan xalqının birlik və ruhunun sarsılmazlığının rəmzidir.

Qazilər gənclərə Vətəni sevməyi, qorumağı, dəyər verməyi, tarixi yaddaşı qorumağı və Qarabağ Zəfərinin əbədiliyini daim yaşatmağı tövsiyə ediblər.

Tədbirin sonunda müsabiqə iştirakçıları tərəfindən çəkilmiş rəsmlərə baxış keçirilib, qiymətləndirmələr aparıldıqdan sonra qaliblər təltif olunub.