Xəbərlər
Müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri

“Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi tarixi hadisə idi. Bu sözsüz ki, müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi xarakterizə olunur. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə gələn qonaqları salamlayaraq ölkəmizin indiki uğurlarının əldə olunması istiqamətində keçdiyi tarixi yola nəzər salıb. Dövlətimizin başçısı ECO-nun Azərbaycanda keçilməsinin əhəmiyyətinə toxunamqla yanaşı Qazaxıstana da ötən dövr üçün uğurlu sədrliyi münasibətilə öz təşəkkürlərini çatdırıb.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycanın ECO-nun Zirvə görüşünə 2006-cı və 2012-ci illərdə ev sahibliyi də yaddaqalan olub: “Dövlətimizin başçısının da vurğuladığı kimi Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilib. Tarixi Şuşa şəhərində 2023-cü ildə ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü baş tutub. Bu xüsusda ECO-nun Zirvə görüşünün Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi xalqımız üçün qürurverici olmaqla yanaşı bir çox dairələrə də vacib mesajları özündə ehtiva edirdi. Bu gün işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Çünki bu ərazilər 30 il Ermənistanın işğalında qalıb və bölgədə böyük talan baş verib. Ermənilər tərəfindən ərazidə olan bütün yaşayış binaları sosial infrastrukturla yanaşı tarixi, mədəni, dini abidələr də məhv edilib, regionun ekoloji mühitinə ciddi zərər dəyib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı isə Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu. İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmiş. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi”.
Deputat Zirvə görüşündə dövlətimizin başçısının toxunduğu digər məsələlərdən bir də mina mövzusu ilə bağlı olduğunu söyləyib: “Ölkəmizin başçısı da qeyd edib ki, Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu gün isə Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. İndiyə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Bu xüsusda sözsüz ki, Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Ölkəmizin başçısı keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndirdiyini vurğulayıb. Təbii ki, bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Cənab Prezident də çıxışında Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb”.
Sevinc Hüseynova Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal roluna diqqəti çəkib: “Ölkəmiz ECO çərçivəsində geosiyasi və iqtisadi baxımdan aparıcı mövqeyə malikdir. Məhz Azərbaycanın iştirakı ilə Cənub Qaz Dəhlizi, “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Orta Dəhliz və digər layihələr ECO dövlətlərinin iştirakı ilə reallaşdırılır. ECO-ya üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhalinin yaşaması həm də onun böyük potensialından xəbər verir. Artıq təşkilata üzvlər arasındakı illik ticarət dövriyyəsinin 76 milyard dollara çatıb. Təbii ki, Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunması fonunda ECO-nun 17-ci Zirvə görüşünün ölkəmizdə keçirilməsi yüksək etimadın göstəricisidir. Sözsüz ki, dövlət başçısının da vurğuladığı kimi keçən il ECO məkanında COP29 konfransı keçirilməsi də olduqca əlamətdar hadisə kimi tarixə düşdü. COP29-a uğurla ev sahibliyi etməklə Azərbaycan bütün sferalarda qlobal çağırışların və təşəbbüslərin fəal iştirakısı mövqeyini nümayiş etdirdi. Bu xüsusda məhz Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə olaraq ECO həftəsi keçirilməsi də mümühm önəm kəsb edib. Şuşada, Ağdamda, Laçında bu mövzulara aid vacib tədbirlər keçirilib. Təbii ki, 2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsi da bu mənada böyük anlama malikdir. Bütün bunlar onu deməyə əsas verir ki, ərazi bütövlüyü və suverenliyini tam təmin edən Azərbaycan artıq regional və qlobal miqyasda aparıcı faktor kimi vacib təşəbbüslərin, mühüm çağırışların müəllifi və ev sahibi kimi çıxış edir”.