YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xankəndi dirçəlişin və beynəlxalq əməkdaşlığın mərkəzi kimi

Azərbaycanın ən əhəmiyyətli regionlarından biri olan Xankəndi illər boyu davam edən işğalın ardından indi dirçəlişin və beynəlxalq əməkdaşlığın simvoluna çevrilib. Bu günlərdə Xankəndidə baş tutan tədbirlər buranın təkcə iqtisadi yox, həm də siyasi və mədəni baxımdan sürətlə inkişaf etdiyini açıq şəkildə nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 iyul 2025-ci il tarixində Xankəndiyə səfəri şəhərin strateji əhəmiyyətinin və Azərbaycanın bu bölgəyə verdiyi dəyərin göstəricisidir. Bu səfər çərçivəsində Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlinin qoyulması şəhərin nəqliyyat infrastrukturunun yenidən qurulmasında mühüm addımdır. Bu kompleks Xankəndinin həm regional, həm də beynəlxalq əlaqələrini gücləndirəcək, Qarabağın qapılarını dünyaya açacaq.

Zəfər parkında aparılan tikinti işləri Xankəndinin tarixini yaşatmaqla bərabər, əldə olunan müqəddəs qalibiyyətə də əbədi və mənəvi ucalıq qazandırır. Park şəhərin qonaqları və yerli sakinlər üçün əhəmiyyət kəsb edir. Bakının ən gözəl məkanlarından birində salınmış və qalibiyyətimizin 44 anını əbədiləşdirən Zəfər Parkını ziyarət edərkən yaşadığım qürur indi də Xankəndidə davam edir.

Habelə Xankəndidəki Biznes və Konqres Mərkəzlərinin açılışı şəhərin iqtisadi və siyasi məkan kimi potensialını ortaya qoyur. Bu mərkəzlər yerli biznesin inkişafına təkan verməklə yanaşı, beynəlxalq tədbirlərin və konfransların keçirilməsi üçün də müasir imkanlar yaradır.

Prezident İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə birlikdə Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olması isə Qarabağa qoyulan xarici sərmayənin və dost ölkələrlə əməkdaşlığın əyani sübutudur. Bu Xankəndidə yeni iş yerlərinin açılması və yerli iqtisadiyyatın canlanması üçün vacibdir.

Şuşa ilə Xankəndi arasında bir körpü rolunu oynayacaq Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxılması da öz növbəsində bu iki tarixi şəhər arasında əlaqələrin daha da gücləndirilməsi və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Bundan əlavə, Qarabağın zəngin mədəni irsinin və unikal dəyərlərinin dünyaya təqdim edilməsi məqsədilə qonaqlar üçün Ağdam İmarət Kompleksində Qarabağ atlarının “Zəfər” şousu təşkil edildi.

Bu gün isə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü çərçivəsində dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərlərinin Xankəndiyə səfəri şəhərin beynəlxalq arenada əhəmiyyətini bir daha vurğulayır. Bu hadisə Xankəndinin həm də regional və beynəlxalq əməkdaşlıq üçün mühüm bir platforma olduğunu göstərir.

Xankəndinin dirçəlişi təkcə bir şəhərin bərpası deyil, həm də bütün Qarabağ regionu üçün yeni bir dövrün başlanğıcıdır. Bu inkişaf iqtisadi canlanma və investisiya cəlbi, beynəlxalq əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, sosial və mədəni inkişaf kimi yeni üfüqlar açacaq.

Xankəndinin İƏT Zirvə görüşü kimi əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi şəhəri regional və beynəlxalq dialoq, əməkdaşlıq və tərəfdaşlıq üçün mühüm bir mərkəzə çevirir. Bu, gələcəkdə digər beynəlxalq tədbirlərə də ev sahibliyi etmək üçün zəmin yaradacaq.

Xankəndidə baş tutan yüksək səviyyəli səfərlər və görüşlər, Azərbaycanın regionda sülh və sabitliyə verdiyi töhfəni vurğulayır. Bu da müxtəlif ölkələr arasında mədəni və diplomatik mübadilələri genişləndirəcək, Qarabağı sülh və qardaşlıq körpüsünə çevirəcək.

Bölgədə Qarabağ Universitetinin fəaliyyətə başlaması, regionda təhsilin və elmin inkişafına böyük töhfə verir. Beləliklə, gənc nəsillər üçün yeni imkanlar açılır və regionun intellektual potensialı güclənir.

Şübhəsiz, Xankəndi bu gün abadlaşır, gözəlləşir və siyasi beynəlxalq tədbirlərə evsahibliyi edir. Xankəndinin dirçəlişi, regionda sabitliyin təminatçısı olmaqla yanaşı, həm də gələcək nəsillər üçün firavan və çiçəklənən bir Qarabağ inşa etmək yolunda atılan əzmli addımların təcəssümüdür. Həmçinin Azərbaycanın öz ərazilərində əmin-amanlığı bərpa etməsinin, dinc quruculuq işlərini davam etdirməsinin və bölgəyə sülh gətirməsinin ən parlaq nümunəsidir. İndi bütün dünya Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başlayan yeni dövrün şahidi olur.

Sülh, inkişaf və birliyin mərkəzi olan Xankəndidə bu günlərdə baş tutan möhtəşəm prosesə şahid olmaq və onu qələmə almaq hər bir qarabağlı, azərbaycanlı üçün böyük şərəf və qürurdur!

Günel Abbas

Xankəndi şəhəri

DİGƏR Xəbərlər Arxiv