YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabitlik, etibarlılıq və çoxtərəfli əməkdaşlıq

“ABŞ-in Vitse-prezidenti Cey Di Vensin Azərbaycana rəsmi səfəri həm ikitərəfli münasibətlər, həm də bütövlükdə Cənubi Qafqaz regionunun geosiyasi gələcəyi baxımından mühüm və tarixi hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyev və ABŞ-in vitse-prezidenti Cey Di Vensin mətbuata verdikləri birgə bəyanatlarda səfərin əhəmiyyəti, əldə olunmuş razılaşmalar və qarşıda duran strateji hədəflər bəyan edilib.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentləri tərəfindən əldə edilən razılaşma əsasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması və vitse-prezidentin Bakıya səfəri zamanı bu sənədin təsdiq edilməsi mühüm əhəmiyyət kəsb edir:

“Bu səfər yalnız iki ölkə arasında münasibətlərin inkişafı ilə yanaşı Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi arxitektura kontekstində də vacib amil kimi qiymətləndirilir.

Son illər Cənubi Qafqaz regionuna maraq artıb. Enerji ehtiyatları, nəqliyyat-kommunikasiya xətləri və təhlükəsizlik məsələləri regionun beynəlxalq münasibətlər sistemində xüsusi yer tutmasına səbəb olub.

44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar təhlükəsizlik sisteminin yenidən qurulmasını və yeni balans mexanizmlərinin formalaşdırılmasını zəruri eedib. Bu kontekstdə ABŞ-in yüksək səviyyəli nümayəndəsinin həm Azərbaycana, həm də Ermənistana səfər etməsi Vaşinqtonun regionda balanslaşdırılmış siyasət yürütmək niyyətini nümayiş etdirir.

Səfər, eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında davamlı sülh müqaviləsinin təşviqi baxımından da mühüm əhəmiyyətə malikdir. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi istiqamətində beynəlxalq dəstəyin artırılması regionun uzunmüddətli sabitliyin formalaşmasında olduqca önəmlidir.

Azərbaycan Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayan mühüm geostrateji məkandır. Sözsüz ki, Zəngəzur dəhlizinin (Tripp layihəsi) açılması regional əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcəkdir. Məhz bu xüsusda region ABŞ üçün təkcə siyasi maraq zonası deyil, həm də enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyi baxımından əhəmiyyətli ərazidir.

Azərbaycan isə sabitlik, etibarlılıq və çoxtərəfli əməkdaşlıq prinsiplərinə əsaslanan siyasəti ilə regionda əsas dayaqlardan biri kimi çıxış edir. Ölkəmizin balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursu müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlığın paralel şəkildə inkişafına imkan verir. ABŞ ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi bu siyasətin mühüm elementlərindən biri kimi qiymətləndirilir”.

Deputat hesab edir ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır: “Cənub Qaz Dəhlizi və digər ixrac marşrutları Avropa bazarlarının şaxələndirilməsinə və enerji təhlükəsizliyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir.

Bununla yanaşı, bərpaolunan enerji və “yaşıl enerji dəhlizi” layihələri də əməkdaşlığın yeni istiqamətlərindən biri kimi diqqət mərkəzindədir. Xəzər hövzəsinin zəngin külək və günəş enerjisi potensialı Qərb investisiyaları üçün geniş imkanlar açır. ABŞ şirkətlərinin bu sahədə fəal iştirakı iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidinə təkan verə bilər.

Səfərin mühüm geosiyasi aspektlərindən biri Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlıdır. Çin–Avropa ticarət əlaqələrinin şaxələndirilməsi və qlobal təchizat zəncirlərinin təhlükəsizliyinin təmin edilməsi baxımından Orta Dəhliz alternativ və etibarlı tranzit xətti kimi strateji əhəmiyyət kəsb edir.

Azərbaycan bu marşrutun əsas logistik mərkəzlərindən biri olaraq çıxış edir və son illər həyata keçirilən infrastruktur layihələri ölkənin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıb. ABŞ-in regiona artan diqqəti Orta Dəhlizin inkişafına beynəlxalq dəstəyin gücləndirilməsi, Mərkəzi Asiya ilə iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və alternativ nəqliyyat xətlərinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Enerji sektoru ilə yanaşı, səfər digər sahələrdə də əməkdaşlıq imkanlarının genişlənməsinə zəmin yaradır. Rəqəmsal iqtisadiyyat, kibertəhlükəsizlik, yüksək texnologiyalar, kənd təsərrüfatı və infrastruktur layihələri perspektivli istiqamətlər kimi ön plana çıxır.

Bu əməkdaşlıq Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, innovasiya mühitinin gücləndirilməsinə və texnologiya transferinə müsbət təsir göstərə bilər. ABŞ şirkətlərinin investisiya imkanları və qabaqcıl texnologiyaları ölkədə yeni istehsal və xidmət sahələrinin formalaşmasına əlavə stimul verəcəyi də şübhəsizdir”.

Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycan milli maraqlara əsaslanan, praqmatik və balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək müxtəlif tərəfdaşlarla əməkdaşlığı paralel şəkildə inkişaf etdirir: “Bu siyasət ölkənin suverenliyinin və strateji müstəqilliyinin təmin olunmasına xidmət edir.

Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri təkcə diplomatik protokol hadisəsi deyil, həm də regionun gələcək təhlükəsizlik və iqtisadi modelinə təsir göstərə biləcək strateji əhəmiyyətli addımdır.

Səfər Azərbaycan–ABŞ münasibətlərini yeni mərhələyə çıxarır, Cənubi Qafqazda davamlı sülh təşəbbüslərinə beynəlxalq dəstəyi gücləndirir, enerji və nəqliyyat marşrutlarının qlobal əhəmiyyətini bir daha təsdiqləyir. Bununla yanaşı, səfər Azərbaycanın geosiyasi rolunun və regional lider mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Beləliklə, bu rəsmi səfər həm ikitərəfli münasibətlər, həm də geniş regional və qlobal kontekst baxımından mühüm siyasi hadisə kimi tarixə düşüb”.