YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Mühüm diplomatik hadisə

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Fevralın 10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-Prezidenti Ceyms D. Vensin iştirakı ilə mətbuat üçün birgə bəyanatlar verilib. Görüş və bəyanatlar ölkələr arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm diplomatik hadisədir. Bu gün yeni mərhələyə qədəm qoyan Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, əlaqələrin bütün istiqamətlərdə uğurlu inkişafı istiqamətində hər iki tərəfin göstərdiyi səylər dünyanın diqqət mərkəzindədir. Ötən ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində Prezident Donald Tramp üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etdi. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflandı, həmçinin Birgə Bəyannamə imzalandı. Prezident Tramp şahid qismində həmin sənədi imzaladı və bununla da 30 il davam edən münaqişəyə son qoyuldu. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları oldu.

Prezident İlham Əliyev çıxışında ABŞ-ın Vitse-prezidenti Cey D. Vensə və Amerika Birləşmiş Ştatlarının rəhbərliyinə Azərbaycana göstərilən yüksək diqqət və münasibətə görə dərin təşəkkürünü bildirib. Dövlətimizin başçısı qeyd edib ki, bu səfər Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir və ikitərəfli əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyətinin nəticəsidir ki, belə mühüm sənədlər imzalanır. Bu sənədlər regionda sülhün və sabitliyin təmin olunması, Azərbaycan ərazilərinin inteqrasiyası və kommunikasiyaların açılması kimi strateji məsələləri də əhatə edir. Xüsusilə, Zəngəzur dəhlizinə dair razılaşmalar, Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında fasiləsiz bağlantının yaradılması baxımından əhəmiyyətlidir. Sözügedən layihələr, eyni zamanda, TRİO platforması çərçivəsində regional əməkdaşlığın genişlənməsinə də xidmət edir. Eyni zamanda, Prezident İlham Əliyev beynəlxalq münasibətləri dərindən bilən lider kimi regionda sülhün və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, həmçinin qlobal səviyyədə təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Qeyd edilməlidir ki, uzun müddət ərzində bəzi dairələr tərəfindən Azərbaycana qarşı tənqidi yanaşmalar mövcud olmuşdur. Lakin son proseslər göstərir ki, ABŞ Azərbaycanı regionda əsas tərəfdaşlardan biri kimi qiymətləndirir və onunla ikitərəfli əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır

Prezident əlavə edib ki, ABŞ kimi dünyanın ən güclü dövlətləri ilə strateji tərəfdaşlıq Azərbaycan üçün böyük şərəf və məsuliyyətdir. Bununla yanaşı Prezident İlham Əliyev ABŞ-ın Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib və qeyd edib ki, ötən il ağ Evdə Ermənistanla sülh razılaşmasının paraflanması regionda stabilliyin təşviqinə xidmət edib.  ABŞ-nin bölgədə sülh və sabitliyin möhkəmləndirilməsində Azərbaycanın aparıcı və konstruktiv rolunu yüksək qiymətləndirməsi, ölkəmizin artan geosiyasi əhəmiyyətinin beynəlxalq səviyyədə qəbul edildiyini bir daha göstərir. Bu səfər, eyni zamanda, ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirməklə yanaşı, qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və ümumi maraqlara əsaslanan tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə inam yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Vitse-Prezidenti Cey D. Vensin birgə bəyanatları iki ölkə arasındakı münasibətlərin yeni strateji əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu göstərir. Səfər təkcə ikitərəfli əlaqələrin inkişafı deyil, həm də regional sabitliyin gücləndirilməsi baxımından vacib hesab edilir. Strateji Tərəfdaşlıq Xartiyası bu istiqamətdə əhəmiyyətli rol oynayacaq sənəddir.Azərbaycan–ABŞ münasibətləri yalnız siyasi əlaqələrlə məhdudlaşmır. Siyasi dialoqdan iqtisadi, enerji, nəqliyyat və texnoloji əməkdaşlığa qədər bütün sahələrdə inkişaf edən bu münasibətlər regionda stabilliyi və sülhü gücləndirən, tərəflərin uzunmüddətli strateji maraqlarını təmin edən əsas amillərdən birinə çevrilib.