Xəbərlər
Azərbaycan-ABŞ: uğurlu və nəticəyönümlü əlaqələr
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent
Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri baş tutdu və gözlənildiyi kimi iki dövlət arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə nəticələndi. Bəri başdan qeyd edək ki, Azərbaycan-ABŞ münasibətləri tarixində bu rəsmi səfərin həm səviyyəsinə, həm də strateji əhəmiyyətinə görə tarixi hadisə olduğu şübhəsizdir. Çünki bundan əvvəl ABŞ-ın vitse-prezident səviyyəsində Azərbaycana sonuncu rəsmi səfəri təxminən 18 il əvvəl – 2008-ci il sentyabrın 3-də baş tutmuşdu. Həmin vaxt respublikaçı vitse-prezident Dik Çeyninin ölkəmizə səfəri həmin ilin avqust ayında Rusiyanın Gürcüstana hərbi müdaxiləsi nəticəsində Gürcüstandan keçən neft və qaz kəmərləri vasitəsilə ixracın dayandırılması mərhələsinə təsadüf edirdi və əsasən enerji təhlükəsizliyi və regional sabitlik mövzularına – ABŞ və Avropanın Xəzər-Mərkəzi Asiya regionunda maraqlarını qorumaq məqsədi ilə strateji enerji koridorlarının axtarışına həsr edilmişdi.
Yeri gəlmişkən, qarşılıqlı münasibətlərin ötən dövrünün təhlili göstərir ki, ABŞ-Azərbaycan münasibətləri respublikaçı iqtidarların dövründə daha yaxşı olub, nəinki demokratların zamanında. Bu faktı Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 20-də keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna həsr olunmuş 2-ci Şuşa Qlobal Media Forumunda jurnalistlərdən birinin sualına cavabında vurğulamışdı: “Azərbaycan-ABŞ əlaqələri, onun görünən tərəfi haqqında danışdıqda, bizim Respublikaçılar hakimiyyəti ilə daha nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü əlaqələrimiz olubdur. Siz mənim Amerika liderləri ilə əlaqələrimə, təmaslarıma nəzər salsanız, bu, aydın olar”.
Ötən dövrdə ABŞ rəsmilərinin Azərbaycana müxtəlif səviyyəli səfərləri, iki dövlətin başçıları arasında müxtəlif tarixi gün və hadisələrlə bağlı məktublaşmalar olsa da, C.D.Vensin səfəri, D.Çeyninin də səfəri daxil olmaqla, əvvəlkilərdən daha yüksək və əhəmiyyətli hesab olunur. Belə ki, ABŞ rəsmisi 2025-ci il avqustun 8-də Vaşinqtonda Prezident Donald Trampın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra regional sülh planının, o cümlədən Azərbaycan üçün çox vacib olan Zəngəzur dəhlizinin – TRİPP layihəsinin (Azərbaycanla onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan arasında nəqliyyat-kommunikasiya bağlantısını ABŞ-ın birbaşa iştirakı və investisiyası ilə açılmasını nəzərdə tutur) əsas təminatçısı kimi gəlib və səfər zamanı imzalanan Strateji Tərəfdaşlıq Xartiyası iki dövlət arasında münasibətlər tarixinin ən mühüm sənədidir. Digər tərəfdən ABŞ Azadlığı Müdafiə Aktına 907-ci bədnam düzəlişi birdəfəlik ləğv etməklə bağlı iradə ortaya qoyub və sonuncu səfərdə həm də mülki nüvə enerjisi və ilk dəfə hərbi texnika satışı kimi daha strateji mövzular da gündəmə gəlib. “Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var”, – deyən dövlət başçımız bu kimi yeni sahələrlə yanaşı, artıq uzun tarixə malik ənənəvi hesab olunan sahələrdə də əməkdaşlığın davam etdiriləcəyini bəyan etdi: “Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir”.
Şübhəsiz ki, dünyada özünün müstəsna hegemon mövqeyi ilə fərqlənən, bir çox qlobal məsələlərdə əsas oyun şərtlərini diqtə edən ABŞ kimi super-dövlətlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması böyük uğur sayılmalıdır. Münasibətlərin bu səviyyəsi, həmçinin, Amerika siyasi elitasının uzun illərdən bəri yürüdülən ölkəmizin regionda liderliyinə münasibətdə inkarçılıq və ya ikili standartlar mövqeyindən sonra Cənubi Qafqaz regionunda, eləcə də bir sıra qlobal məsələlərdə Azərbaycanın rolunun və əhəmiyyətinin etiraf edilməsi kimi qiymətləndirilməlidir. Vitse-prezident C.D.Vensin mətbuata bəyanatında Azərbaycanın beynəlxalq proseslərdə iştirakını vurğulaması, “bir vaxtlar yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacağ”ını “Prezident Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsi” adlandırması da bunun təzahürüdür. Digər tərəfdən ABŞ rəsmisi əslində keçmiş Ağ Ev administrasiyalarının Azərbaycanla bağlı siyasətlərinin normal olmadığına işarə kimi çıxışında ritorik sual da səsləndirdi “Bir halda ki, biz ticarətlə məşğul ola, tərəfdaşlıq qura biləriksə, nəyə görə biz bir-birimizlə vuruşmalıyıq?!” Bu mövqe Vens tərəfindən iki ölkə rəsmilərinin geniş tərkibdə görüşü zamanı daha aydın ifadə edildi: “Əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yol verdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Biz Prezidentin rəhbərliyi ilə bunu düzəltdik. Buna görə mən çox minnətdaram”.
Məhz bu baxımdan, yəni ölkəmizə qarşı ədalətsiz və ikili standartlar siyasətinə son qoyulduğu üçün Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycana çox müsbət münasibətinə görə Tramp-Vens administrasiyasına öz minnətdarlığını ifadə edərək, Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin tamamilə yeni mərhələyə qədəm qoyduğunu vurğuladı. Vitse-prezident Vensin Azərbaycana, o cümlədən həm də Ermənistana səfərinin dünyanın aparıcı mətbu orqanlarında ciddi maraq doğurması da, səfərin bölgənin tarixində yeni dövrün başlandığını sübut edir. Başqa sözlə, səfərə yeni dünya düzənin formalaşması kontekstində baxmaq heç də əsassız olmazdı.
Qeyd edək ki, Azərbaycanın ABŞ-la münasibətlərinin bugünkü yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin müstəsna xidmətlərinin olduğu danılmazdır. Hələ 2024-cü ildə ABŞ-dakı prezident seçkiləri kampaniyası zamanı Avropa İttifaqının və dünyanın bir sıra aparıcı dövlətlərinin liderləri demokratların namizədi K.Harrisin qələbəsinə inam fonunda az qala D.Trampı ələ salırdılarsa, Azərbaycan Prezidenti ABŞ-da 47-ci prezident seçkilərinə tamamilə əks mövqedən yanaşır, respublikaçıların namizədinin qələbəsini arzulayan, buna inanan və ona dəstək verən azsaylı dünya liderlərindən biri kimi çıxış edirdi. O, 2024-cü ildə 2-ci Şuşa Qlobal Media Forumunda D.Trampı “yeni müharibələrə başlamayan yeganə ABŞ prezidenti” kimi xarakterizə edərək, onun münaqişələri dayandırmaq qabiliyyətini yüksək qiymətləndirmiş, Azərbaycan xalqı və rəhbərliyi ilə Donald Tramp arasında ənənəvi dəyərlərə hörmət kimi ortaq fundamental nöqtələrin olduğunu qeyd etmişdi.
2025-ci il iyulun 19-da Xankəndi şəhərində 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Azərbaycan liderinin D.Tramp haqqında səsləndirdiyi müsbət fikirlər, müxtəlif ölkələri təmsil edən jurnalistlərin verdiyi suallara açıq, səmimi və cəsarətli cavabları ABŞ lideri tərəfindən də rəğbətlə qarşılanmış və o, özünə məxsus “Truth Social” sosial şəbəkəsində bir çox iri dövlətlərin başçılarına etinasız münasibəti fonunda Prezident İlham Əliyevin özü haqqında söylədiyi fikirləri paylaşmışdı. Azərbaycan Prezidenti çıxışının həmin hissəsində Azərbaycan xalqı ilə ortaq fundamental, o cümlədən ailə dəyərlərini paylaşdığı və buna görə də ABŞ-da onun seçilməsini istədiyini bildirərək, qeyd etmişdi ki, Tramp yeganə ABŞ prezidentidir ki, müharibə başlatmayıb, əksinə müharibələri sonlandırmaq məqsədi güdür. Azərbaycan lideri Trampın Ermənistanla Azərbaycanın yekun saziş əldə etməsi istiqamətindəki şəxsi səylərinə də toxunmuşdu: “Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun”.
Prezident İlham Əliyev 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə D.Trampa ümidlərin böyük olduğunu, Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmağın mümkün olacağını deyir, hər iki tərəfin də maraqlı olacağı halda, əlaqələrin strateji səviyyəyə yüksələ biləcəyinə inamını ifadə edirdi. 2024-cü il noyabrın 25-də Azərbaycan Prezidentinin D.Trampı prezident seçilməsi münasibətilə təbrik etmək üçün etdiyi telefon zəngindən başlayaraq ötən müddətdə iki lider arasında olan məktub mübadilələri və digər ünsiyyət formatları Azərbaycan-ABŞ münaibətlərini 2025-ci il avqustun 8-də Vaşinqton Sülh Sammtinə, onun ardınca isə, əvvəlcə 2026-cı il yanvarın 21-də ABŞ lideri tərəfindən Prezident İlham Əliyevin Sülh Şurası beynəlxalq təşkilatına dəvət olunmasına və fevralın 10-da Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasınadək gətirib çıxardı. Başqa sözlə, Bayden-Blinken demokrat administrasiyasının yaratdığı “Vaşinqton bataqlığı” artıq tam qurudulub, iki ölkə arasında münasibətlər sürətlə qarşılıqlı hörmətə və etibara əsaslanan bərabərhüquqlu, faydalı əməkdaşlıq, strateji tərəfdaşlıq fazasına daxil olub. D.Trampın ikinci prezidentliyi dövründə ABŞ-ın beynəlxalq siyasətdə rolunun daha da artdığını, bir çox qlobal proses və məsələlərdə onun həlledici rolunu, hazırkı administrasiyanın ölkəmizə çox müsbət münasibətini nəzərə alsaq, Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”, – sözləri münasibətlərin indiki səviyyəsinin daha bir meyarı kimi çıxış edir.
