YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatının 30 illik yubileyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təsis edilməsinin 30 illik yubileyi münasibətilə Laçın şəhərində tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözüylə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi şərəfli yoldan danışıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsi əsasında yaradılan YAP Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ən güclü və monolit siyasi qüvvəsi kimi fəaliyyətini davam etdirir.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatı 1995-ci il iyulun 19-da təsis olunub. Ötən müddət ərzində təşkilat uğurlu inkişaf yolu keçərək, bütün ictimai-siyasi proseslərdə yüksək fəallıq göstərib.

Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Ümummilli Lider Heydər Əliyevin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə imza atdığını qeyd edib.

Laçının Azərbaycanın ən gözəl şəhərlərindən biri olduğunu vurğulayan M.Məmmədov laçınlı keçmiş məcburi köçkünlərin doğma evlərinə geri qayıtdıqlarını xüsusi qeyd edib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması dövlətimizin siyasi taleyini, gələcək yolunu müəyyənləşdirən çox mühüm və əlamətdar hadisə olub. O, partiyanın cəmiyyətinin ictimai-siyasi, iqtisadi, sosial həyatında həlledici rol oynadığını və Azərbaycanın Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında gündən-günə daha da gücləndiyini, inkişaf etdiyini vurğulayıb.

YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev isə zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstəyin dayandığını söyləyib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu gün nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb.

Partiya veteranı Murad Hüseynov, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısı Muxtar Həşimov, 4 saylı ərazi partiya təşkilatının sədri Türkanə Nuruyeva bildiriblər ki, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu atdığı addımları ilə sübut edir.

Sonra YAP Laçın rayon təşkilatının fəaliyyətində fəallıq göstərən bir qrup partiya üzvünə fəxri fərman, partiya sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

DİGƏR Xəbərlər Arxiv