Xəbərlər
Strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğu bir daha nümayiş etdirildi

“Ortaq soy-kök, milli dəyərlərə malik Özbəkistan və Azərbaycan dövlətlərinin münasibətləri, qarşılıqlı faydalı tərəfdaşlığı yüksələn xətlə inkişaf edir.” Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfəri iki dövlətin dostluq, qardaşlıq münasibətlərinin inkişafında mühüm məqamları ilə yadda qaldı.
2023-cü ildə Daşkənddə imzalanan, Azərbaycan və Özbəkistan arasında dövlətlərarası münasibətlərin ali formasını müəyyənləşdirərək iki ölkəni rəsmi müttəfiq statusuna yüksəldən Müttəfiqlik münasibətləri haqqında Müqavilə Özbəkistan və Azərbaycan dövlətlərinin əlaqələrinin ən yüksək zirvəyə çatdığını təsdiqləyən mühüm tarixi hadisə olmuşdu. İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfəri, hər iki dövlət rəhbərlərinin həm ikitərəfli görüşü, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələləri geniş müzakirə etməsi, münasibətlərin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədi.
İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxışı zamanı ölkəmizin başçısı bildirib ki, biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik: “Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Dost və qardaşlar olaraq, biz buna ürəkdən sevinirik. Bu gün sahə nazirlərinin qarşılıqlı fəaliyyətimizin müxtəlif istiqamətləri üzrə hesabatları dinlənildi. Biz bu gün həm əmtəə dövriyyəsini, həm də qarşılıqlı investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətini bir daha təsdiqlədik”.
Millət vəkilinin sözlərinə görə, həm Azərbaycan, həm də Özbəkistan iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin artırılmasına, nəqliyyat və energetika məsələlərinə, habelə humanitar və mədəni əlaqələrin genişləndirilməsinə böyük diqqət yetirirlər. Nəqliyyat sektoru iki dost dövlət, bütövlükdə Türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev mətbuata verilən bəyanatda bu sahənin əhəmiyyəti xüsusi vurğulanıb:”Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq. Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu, - mən Azərbaycanın nəqliyyat infrastrukturunu nəzərdə tuturam, - xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır”.
Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Xüsusi ilə, kənd təsərrüfatında pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyulur. Azərbaycanda, eyni zamanda Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə iri layihələrin həyata keçrilməsi müzakirə edilir.
Özbəkistan Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib.
Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistanın Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığını bildirən ölkəmizin Prezidenti İlham Əliyev vurğulayıb ki, Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması, ölkələrimiz arasında imzalanan sənədlərin, Özbəkistan səfirliyinin yeni binasının açılışı iki dost ölkə arasında çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini, strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi –deyə YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə bildirib.