YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı sülhün təmin edilməsi əsas çağırışlardandır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verdi. Cənab İlham Əliyevin müsahibədə səsləndirdiyi mesajlar, çağırışlar hazırda ölkə mətbuatında geniş şərh edilir. Ümumilikdə dövlətimizin başçısının hər bir müsahubəsi Azərbaycan haqqında dolğun məlumatların əldə olunmasında zəngin mənbədir. Cənab İlham Əliyev, həmçinin müsahibələrində regionda və dünyada baş verən hadisələrdən, hazırkı dövrdə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasının zəruriliyindən, tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən sonra ölkəmizin xarici siyasət uğurlarından geniş bəhs edərək ədalətə və beynəlxalq hüquqa söykənən siyasətin Azərbaycanın qarşısında daim geniş imkanlar açdığını bildirir.

Cənab İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinin hazırkı inkişaf səviyyəsindən danışdı. Belə ki, Rusiya ilə Azərbaycanın əməkdaşlığının önəmini vurğulayan dövlətimizin başçısı 2022-ci il fevralın 22-də imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”ni mühüm siyasi addım kimi dəyərləndirdi. Bildirdi ki, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib: “Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir”.

Əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan sənədlərin əhəmiyyətli rol oynadığı xüsusi qeyd olundu. Dövlətimizin başçısı qeyd etdi ki, sözügedən Bəyannamənin imzalanmasından ötən illər ərzində Rusiya Prezidenti Vladimir  Putinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutdu. O, dəfələrlə Azərbaycanda səfərdə olub.

Rusiya Prezidentinin ölkəmizə son dövlət səfəri zamanı münasibətlərimizin müttəfiqlik xarakteri təsdiqləndi, ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yolları müəyyənləşdirildi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur: “Ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq”.

Prezident İlham Əliyev müsahibədə sülh müqaviləsinin imzalanması üçün mövcud imkanlardan da danışdı. Qeyd etdi ki, əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Ermənistan tərəfinin həyata keçirməli olduğu iki məqamdan biri öz Konstitusiyasını dəyişməsidir. Digər şərt isə ATƏT-in Minsk qrupunun ləğvidir. Belə ki, Minsk qrupunun yaranma səbəbi münaqişənin sülh yolu ilə həllinə nail olmaq idi. Təəssüflər olsun ki, 28 ilə yaxın davam edən danışıqlar dövründə bu istiqamətdə heç bir real addım atılmadı. Minsk qrupu 28 illik fəaliyyəti dövründə missiyasının nədən ibarət olduğunu dərk etmədi. Yalnız Ermənistana dəstəyi ilə diqqətdə oldu.  Dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən bu reallığı da xüsusi qeyd edir ki, müharibə olmaya da bilərdi. Təbii ki, məsələnun həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri işğalçını adı ilə çağırıb ona sanksiyalar tətbiq etsəydilər   vəziyyət gərginləşməz, müharibə baş verməzdi. Lakin 30 illik işğal dövründə görünən bu oldu ki, dünya gücləri ikili standartlara əsaslanan siyasət həyata keçirməklə münaqişənin həlli prosesinin uzanmasında maraqlı idilər. 44 günlük Vətən müharibəsində Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Xalqımızın torpaq həsrətinə son qoyuldu. Tarixi Zəfərimizdən üç il sonra isə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Bu gün Minsk qrupunun mövcudluğuna heç bir zərurət yoxdur.  Dövlətimizin başçısı İlham Əliyev bu mesajı səsləndirdi ki, Ermənistanın Minsk qrupunun ləğv edilməsi üçün ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.