Xəbərlər
Bərdədə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının kollektivi və fəalları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü şəhid övladları ilə birgə qeyd ediblər.
Əvvəlcə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Aparatın kollektivi, sahibkar partiya fəalı Aygün Salmanova və ərazi partiya təşkilatının sədrləri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Ermənistanın Bərdə rayonunun Qarayusifli kəndinə atdığı “Smerc” tipli raket nəticəsində həlak olmuş şəhidlərin abidə kompleksini və öz yellənçəyində Ermənistan bombasına tuş gəlmiş Aysu İsgəndərlinin məzarını ziyarət edib, önünə tər qərənfillər düzərək xatirələrinə ehtiramlarını ifadə ediblər.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Aysu İsgəndərli və digər mülki şəhidlər Ermənistanın və onun silahlı qüvvələrinin törətdiyi vəhşiliklərin ən ağır və təkzibedilməz sübutudur. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu məğlub edərək tarixi ədaləti bərpa edib: “Biz sülhsevər xalqıq. Ən böyük arzumuz budur ki, dünyanın hər yerində sülh və əmin-amanlıq hökm sürsün, bir daha heç vaxt müharibələr yaşanmasın!”.
Qeyd olunub ki, bu gün gələcəyimizin təminatçısı olan uşaqlar vətənpərvərlik ruhunda tərbiyə olunur, yeni Fəxrilər, Asiflər, Xudayarlar, Dövranlar böyüyür. Onlara şəhid adlarının verilməsi bu ruhun yaşadılması və davamlılığının bariz nümunəsidir.
Daha sonra rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət edərək uşaqları hədiyyələrlə sevindiriblər.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.