Xəbərlər
YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 43-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov mayın 30-da “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyasının ev sahibliyi ilə Rusiyanın Perm şəhərində keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin (DK) 43-cü iclasında iştirak edib.
Tədbiri giriş nitqi ilə açan ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq DK-nın 42-ci iclasından ötən dövrdəki fəaliyyətinə nəzər salıb, görülən işləri diqqətə çatdırıb.
İclas iştirakçıları Özbəkistanın hakim Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal-Demokratik Partiyası və ölkənin ikinci böyük partiyası olan Özbəkistan Milli Dirçəliş Demokrat Partiyasının Daimi Komitənin üzvlüyünə qəbul edilməsi məsələsini dəstəkləyiblər.
İclasda çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ICAPP DK-nın 44-cü iclası və təşkilatın nəzdindəki qurumlardan birinin növbəti tədbirinə Yeni Azərbaycan Partiyasının ev sahibliyi etməsi ilə bağlı ICAPP rəhbərliyinin müraciətinin müsbət qarşılandığını qeyd edərək ICAPP üzvlərini 2025-ci il 16-19 oktyabr tarixlərində Bakıda keçiriləcək DK-nın 44-cü və Asiya Mədəniyyət Şurasının 4-cü iclaslarında iştiraka dəvət edib.
İclasda daha sonra qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb.